close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində keçirilən “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin bağlanış mərasimi olmuşdur

19-08-2015

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük treninqlər təşkil edilmişdir.

10-19 avqust tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin bağlanış mərasimi olmuşdur.
Tədbirdə Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov, direktor müavinləri Elçin Musayev, Ədibə İsmayılova, Milli Kitabxananın digər əməkdaşları, trenerləri,  Ultra şirkətinin mütəxəssisi,  Qax, İmişli, Zərdab, Ağcadəbi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edirdilər.
Kitabxananın direktoru Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin zəruriliyindən danışmış, treninqlərin səmərəli olması üçün Mili Kitabxananın və Ultra şirkətinin əməkdaşlarının ciddi çalışmasını qeyd etmiş, regionlardan treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə etmiş, onlara uğurlar arzulamış, bu proqramın Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda tətbiqinin çox vacib və təxirəsalınmaz olduğunu bildirmişdir.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar.  Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir.