close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində keçirilən “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” kursunun bağlanış mərasimi olmuşdur.

16-07-2015

06.07.2015-ci il tarixindən etibarən regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında 10 günlük kurslar təşkil edilmişdir. 6-16 iyul tarixində Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” kursunun bağlanış mərasimi olmuşdur. Mərasimdə Milli Kitabxananın direktor müavinləri Gülbəniz Səfərəliyeva, Elçin Musayev, Milli Kitabxananın digər əməkdaşları, Ultra şirkətinin mütəxəssisi Sərxan Məmmədov və Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən olan mütəxəssislər iştirak edirdilər.

Kitabxananın direktor müavini G.Səfərəliyeva çıxış edərək, regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışmışdır. O, qeyd etmişdir ki, Mili Kitabxananın və Ultra şirkətinin əməkdaşları bu 10 gün ərzində kursun səmərəli keçməsi üçün çox ciddi çalışmışlar. Çünki region kitabxanalarında tətbiq edilən bu proqramın öyrənilməsi və yerlərdə tətbiqi çox məsuliyyətli və vacib bir məsələdir. Gələcəkdə Milli Kitabxanada bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaqdır. Kitabxanalarımızın dünya kitabxanalarının sırasına qoşulması üçün bu ilk addımdır. Ultra şirkətinin təmsilçisi Sərxan Məmmədov müdavimləri iş prosesində fəal olmağa çağırmış, iş zamanı qarşıya çıxan çətinliklər və mövud  problemlərlə bağlı çəkinmədən müraciət etmələrini tövsiyə etmişdir.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olmuş, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə etmişlər. Sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim edilmişdir.