18-06-2024
Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası öz işini 18 iyun tarixində davam etdirib.
İclasda Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski “Milli Kitabxanalar ümummilli şəbəkə koordinatorları kimi” başlıqla təqdimat edib.
Moldova Milli Kitabxanasının baş direktoru Elena Pintilei “Sosial dayanıqlığın yaradılması üçün daha güclü peşəkar şəbəkə və sülh”, Fransa Milli Kitabxanasının Beynəlxalq əlaqə şöbəsinin rəhbəri Ophelie Ramonatxo “Robotik mühafizə saytları” təhsil günləri, Milli Seçeni Kitabxanasının baş direktoru David Rozsa “Milli Seçeni Kitabxanasının və Lüksemburq Milli Kitabxanasının Veb Arxiv İnfrastrukturunun Təkmilləşdirilməsi” mövzusunda çıxış ediblər.
2023 EKN Qrant Sahiblərinin Hesabatı dinlənilib.
Britaniya Milli Kitabxanasının baş direktoru Roly Keating “Kiberhücumdan dərslər” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra kitabxanalarda süni intellekt, bərabərlik, müxtəliflik və inklüziv şəbəkə qrupu haqqında danışılıb, iclas müzakirələrlə davam edib.
Sonda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək ev sahibliyi edən Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovskiyə tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkür edərək apardığı “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Polşa Milli Kitabxanasının fonduna təqdim edib. Eyni zamanda direktor Tomas Makovskini oktyabr ayında Bakıda keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində ekspozisiya ilə iştiraka dəvət edib.
Konfransa növbəti il Şotlandiya Milli Kitabxanası ev sahibliyi edəcək.
Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası yekunlaşıb, sonda xatirə şəkli çəkilib.