close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxanada İLESAM üzvü olan Türk yazıçı və şairlərinin oxucularla görüşü keçirilmişdir.

06-06-2017

İyun ayının 6-da saat 14.00-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxanada İLESAM üzvü olan Türk yazıçı və şairlərinin oxucularla görüşü  keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamışdır. O, öz çıxışında hələ fəaliyyətinin  bir ili tamam olmayan Açıq kitabxana barədə, burada keçirilən tədbirlər haqqında danışmış,  sənətin, poeziyanın kütləviləşməsindən söz açmış, ötən ay Azərbaycan Milli Kitabxanası ilə İLESAM təşkilatı arasında  qarşılıqlı əməkdaşlıq barədə Müqavilənin imzalandığını xatırlatmış, bu tədbirin əməkdaşlığın ilk addımı olduğunu bildirmişdir.

İLESAM təşkilatının katıbı Mehmet Nuri Parmaqsız bu ilin sonuna kimi türk şair və yazıçılarının əsərlərindən ibarət 15 min nüsxə ədəbiyyatın Bakıya gətiriləcəyini və 16 regionun kitabxanasına paylanılacağını bildirmişdir. O, öz çıxışının sonunda “Şimdi ölsəm” şeirini səsləndirmişdir.

İLESAM-ın Azərbaycan təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza çıxış edərək Bakıda İLESAM-la birgə keçirilən tədbirlərdən danışmış, “Qapı aça bilmirəm” şerini söyləmişdir.

İLASAM təşkilatının üzv olan şairlərdən  Durak Turan Düz “Türkük”, Arzu Tabukçu “Aşq” şeirlərini söyləmişlər.

Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək Açıq kitabxananın gözəl tədbirlərin məkanı olduğunu söyləmiş, “Bir də gəlməyəcəksən” şeirini demişdir.

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, Yazışılar Birliyinin üzvü Səyyarə Məmmədli “Dünyam türk dünyasıdır” adlı şeirini oxumuşdur.