28-01-2016
Yanvar ayının 28-də Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirovun Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru Giorgi Kekelidze, biblioqrafik resurslar üzrə direktor müavini Levan Taktakişvili və şöbə müdiri Rusudan Asatianinidən ibarət nümayəndə heyəti ilə görüşü olmuşdur.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, birgə layihələrin işlənməsi mexanizmi müzakirə olunmuşdur. Milli Kitabxanalar Azərbaycan Respublikası və Gürcüstan Respublikasının 1918-1920-ci ilk müstəqillik illərində Bakıda və Tbilisidə çap olunan qəzet və jurnallarının tam komplektlərindən ibarət elektron məlumat bazasının yaradılması ilə əlaqədar müştərək bir layihənin həyata keçirilməsi barədə razılığa gəlmişlər. Layihəyə əsasən 1918-1920-ci illərdə Bakıda və Tibilisidə çap olunan dövri mətbuat nüminələrini özündə tam əks etdirəcək bu layihə hər iki ölkənin müstəqilliyinin 100 illiyi ərəfəsində oxucuların və mütəxəssislərin ixtiyarına veriləcəkdir. Sayt Azərbaycan, gürcü, ingilis və rus dillərində tərtib olunacaq.
Layihənin təqdimatının aprel ayının sonlarında hər iki ölkənin milli kitabxana direktorlarının və alimlərinin iştirakilə yüksək səviyyədə Tibilisi şəhərində keçirilməsi planlaşdırılır. Layihəyə əsasən əhatə olunan dövrdə hər iki ölkədə dərc olunan dövri mətbuat nümunələri rəqəmsallaşdırılaraq 2018-ci ilin yaz aylarında Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının birinci dəfə müstəqillik qazanmasınnı 100 illiyi ərəfəsində tam elektron-məlumat bazasından ibarət müstəqil sayt şəklində azərbaycanlı və gürcü oxucularına təqdim olunacaqdır.