close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” Beynəlxalq elmi-praktik konfrans

28-09-2018

Sentyabr ayının 28-də Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” Beynəlxalq elmi-praktik konfrans çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və TÜRKSOY-la  birgə dahi qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir və “TÜRKSOY kitabxanası seriyası”ndan Ankarada çap olunmuş “Mağcan Cumabay. Türküstan”“Mağcan Cumabay Şiirleri” adlı kitabların təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, çıxışında TÜRKSOY tərəfindən Mağcan Cumabay haqqında 2 kitabın nəşr olunduğunu bildirmiş və bu kitablarla TÜRKSOYun qazax ədəbiyyatına, qazax mədəniyyətinə qoyulduğu abidələrdən biri olduğunu qeyd etmişdir. Prof. Kərim Tahirov çıxışında TÜRKSOYun amalı və məqsədinin sovet dövründəki boşluğu doldurmaq, dili bir, qanı bir, mədəniyəti bir olan türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, tanıtdırmaq olduğunu bildirmiş və türkdilli ölkələrin dahi şəxsiyyətlərinə, mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açmışdır. 

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qonaqları salamlamış, çıxışında Milli Kitabxananın kollektivini yubiley münasibətilə təbrik etmişdir. Nazir müavini çıxışında Milli Kitabxananın uzun illərdir ki, TÜRKSOYla birgə türk dünyasının görkəmli şəxsiyyətlərinin yubiley tədbirlərini keçirdiyini qeyd etmiş, TÜRKSOYu türk dünyasının YUNESKOsu hesab etmiş, görkəmli qazax şairi Mağcan Cumabayın xalqının, millətinin milli müstəqilliyi uğrunda apardığı mübarizəsindən danışmış və keçirilən bu tədbirlər vasitəsilə böyük qazax şairinin Türk dünyasında tanıdıldını, təbliğ edildiyini vurğulamışdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Mağcan Cumabayın yaradıcılığından, həyat və fəaliyyətindən geniş söhbət açmışdır. Günay Əfəndiyeva çıxışında böyük qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illik yubileyinin türk aləmində Ankarada, Bakıda, Daşkənddə, Aşqabadda, Ufada və başqa türkdilli ölkələrdə təntənəli qeyd edildiyini vurğulamışdır. 

TÜRKSOYun Baş Katibinin köməkçisi Fırat Purtaş çıxış edərək uzun illər Milli Kitabxananın TÜRKSOYla birgə təşkil etdikləri tədbirlərdən danışmış, bu gün keçirilən tədbirdə də məqsədlərinin digər görkəmli türk xadimləri kimi Mağcan Cumabayın ədəbi fəaliyyətini, həyat və yaradıcılığını geniş türk ictimaiyyətinə çatdırmaq olduğunu qeyd etmişdir. Fırat Purtaş Mağcan Cumabayın ömür yolunu Azərbaycan şairi Əhməd Cavada bənzətmiş, hər ikisinin sovet repressiyasına məruz qaldığını söyləmişdir.  TÜRKSOYun Baş Katibinin köməkçisi Fırat Purtaş çıxışının sonunda Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə və Milli Kitabxananın direktoru Kərim Tahirova hədiyyələrini təqdim etmişdir.

Mağcanşünaslar Şimali Qazaxıstan Vilayətinin İcra Hakimiyyətinin Dillərin İnkişafı üzrə İdarəsinin rəhbəri Kemel Ospanov və Manaş Kozıbayev adına Şimali Qazaxıstan Dövlət Universitetinin professoru Zarxın Tarşıbay Mağcan Cumabay irsindən danışmış və çıxışlarının sonunda hədiyyələrini və Mağcan Cumabay haqqında Qazaxıstanda nəşr olunmuş kitabları Milli Kitabxananın direktoru prof. Kərim Tahirova təqdim etmişdilər. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əskər çıxışında Mağcan Cumabayın qazax xalqının və türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu və Azərbaycan ziyalıları kimi Sovet rejiminin təqiblərinə məruz qaldığını qeyd etmiş, şeirlərinin çətinliklə toplanılıb nəşr edildiyini bildirmiş, uzun illər əsərlərinin oxunmasına, nəşr edillməsinə, adının kitablara salınmasına qadağa qoyulduğunu bildirmişdir. Razmiz Əskər çıxışında əsərlərinin tərcüməçisi kimi bu gün Mağcan Cumabay yaradıcılığının geniş araşdırılıldığının və tərcümə edilərək nəşr edildiyinin sevindirici hal olduğunu qeyd etmişdir.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, “525-ci qəzet”in baş redaktoru, AzərbaycanYazıçılar Birliyinin katibi Rəşad Məcid və digər qonaqlar iştirak etmişlər.
Konfransın davamı:

Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya “Multikultural cəmiyyətdə innovativ kitabxana modeli (Milli Kitabxana və Prezident Kitabxanasının nümunəsində)”, BDU Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov Virtual mühitdə kitabxanalar kommunikasiya mərkəzidir (oxuculara xidmətdə innovasiyalar: xarici ölkələrin təcrübəsi əsasında), ADA Universitetinin Kitabxana və informasiya xidmətləri bölməsinin dövriyyə xidmətləri üzrə mütəxəssisi, Bakı Dövlət Universitetinin doktorantı Vəfa Məmmədova “Kitabxana və informasiya xidmətlərinin marketinqi”, Bakı Biznes Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Müasir dövrdə Azərbaycan mədəniyyətinin inkişafında kitabxanaların yeri (1969-2018-ci illər)”, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Bahar Əhmədova “Rəqəmsal əsrdə milli kitabxanaların elektron resursları: formalaşdırılması və istifadəsi”, Prezident Kitabxanasının şöbə müdiri Zakir İsmayılov Cari dövri nəşrlər fondu: formalaşdırılması, sistemləşdirilməsi, istifadəsi və saxlanılması (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının təcrübəsi əsasında), Azərbaycan Dövlət İqtisad Universiteti Əsaslı Kitabxanasının baş biblioqrafı Arzu Məmmədova İnklüziv təhsil və  kitabxana xidmətləri: problemlər və perspektivlər”, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kitabxanasının müdiri, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutunun doktorantı Nərminə  AbdullayevaAvropa milli kitabxanalarında kitabxana-informasiya proseslərinin  innovativ  texnoloji həlləri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinin müdiri, Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Tamilla Əsgərova “Azərbaycanda teatr, kino və televiziya sənətləri üzrə ali təhsilin kitabxana-informasiya təminatında innovativ fəaliyyət”, Respublika Elmi Tibb Kitabxanasının Kitabsaxlayıcı şöbəsinin müdiri, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutunun dissertantı İradə Əliyeva “Ekologiya üzrə biblioqrafik informasiya  sisteminin elmi-tədqiqatçılıq aspektləri”, Respublika Elmi Pedaqoji Kitabxanasının Elmi-metodik və təhlil şöbəsinin müdiri Səyyarə MəmmədovaDünya kitabxana təcrübəsində innovativ yeniliklərin tətbiqi”, AMEA Mərkəzi Elmi Kitabxanasının baş biblioqrafı, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmova “İnnovativ müstəvidə Azərbaycan biblioqrafiyaşünaslığı: reallıqlar və perspektivlər”, Azərbaycan Milli Kitabxanasının Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri, AMEA-nın doktorantı Aygün Hacıyeva “İnnovativ kommunikasiyaların yaradılması innovativ fəaliyyətə dəstək üsulu kimi”, BDU Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru İradə Bayramova “Azərbaycan Respublikasının regionlarının kitabxana-informasiya resurslarının yerləşməsi və kadr təminatının müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmiş və müzakirələr edilmişdir.