28-09-2018
Sentyabrın 28-də Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” Beynəlxalq Elmi-Praktik Konfransa dünya milli kitabxanalarından dəvət olunmuş qonaqlarla görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin bir vaxtlar yaşadığı İçərişəhərdəki “Ədibin evi”ndə görüş keçirilmişdir.
“Ədibin evi”nin nümayəndəsi Elnur İmanbəyli qonaqları yazıçının bir vaxtlar yaşadığı ev ilə tanış etmiş, yazıçı haqqında qonaqlara geniş məlumat vermişdir.
Milli Kitabxananın direktoru prof. Kərim Tahirov çıxış edərək Milli Kitabxanalardan dəvət olunmuş qonaqlara görkəmli yazıçı Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı söhbət açmış, həmçinin çıxışında Mir Cəlal Paşayev haqqında Milli Kitabxana tərəfindən fundamental biblioqrafiyanın nəşr edildiyini qeyd etmiş, biblioqrafiyada ədibin dünya kitabxanalarında mühafizə olunan bir çox kitablarının da bu göstəricidə yer aldığını söyləmişdir.
Daha sonra Slovakiya Milli Kitabxanasının nümayəndəsi Janka Dropkova “Bir gəncin manifesti” əsərinin slovak dilində olan original nüsxəsini “Ədibin evi”nə hədiyyə etmişdir.
Daha sonra qonaqlar yeni istifadəyə verilmiş Bakı Kitab Mərkəzində, Miniatür Kitab Muzeyində olmuşlar.