01-08-2018
1 avqust 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı tədbir keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq, bu əlamətdar günün latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq ümümmilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edildiyini söyləmişdir.
Direktor müavini qeyd etmişdir ki, Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, Azərbaycan ideologiyasının əsaslarından biridir. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş təhriflər bu gün aradan qaldırılmış, Azərbaycan dili özünəməxsusluğu və zənginliyi ilə başqa dillərdən seçilərək, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmış, saflığını qoruyub saxlaya bilmişdir.
O, vurğulamışdır ki, Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı, Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl strategiyasını sübut edən qanunvericilik aktlarıdır.
Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva çıxışında söyləmişdir ki, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi və başqa mütəfəkkirlərimiz bu dildə ölməz əsərlər yaratmış, dilimizin inkişafına və təkmilləşməsinə təkan vermişlər. O, bu tarixi günlə bağlı hər il kitabxana tərəfindən Ana dilimizin qorunması, inkişafı, zənginləşdirilməsi ilə bağlı nəşrlərin təbliği məqsədilə geniş sərginin təşkil olunduğunu söyləmiş, milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimizə dövlət qayğısından bəhs etmişdir.
Sonda iştirakçılar geniş kitab sərgisi ilə tanış olmuşlar. Sərgidə Azərbaycan, rus və xarici dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablar və dövri mətbuat materialları sərgilənmişdir.
Sərgi 10 gün davam edəcək.