close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası MDB kitabxanaçılarının “Kitabxanalar birliyi: tərəfdaşlıq və innovasiya” adlı beynəlxalq konfransında təmsil olunub

15-05-2024

“Kitabxanalar birliyi: tərəfdaşlıq və innovasiya” adlı MDB kitabxanaçılarının beynəlxalq konfransı Özbəkistanın Səmərqənd şəhərində “Səmərqənd – MDB-nin mədəniyyət paytaxtı  – 2024” dövlətlərarası proqram çərçivəsində baş tutub.

Konfransda salamlama nitqi ilə Səmərqənd vilayətinin hakimi Erkinjon Turdimov, Özbəkistan Respublikası mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov, Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjan Xocayev, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun müşaviri Kamol Rəhimov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, Avrasiya Kitabxanalar Assambleyasının prezidenti Vadim Duda çıxış edib.

 Beynəlxalq konfransda MDB ölkələri kitabxanalarının rəhbərləri və mütəxəssisləri: Belarus Milli Kitabxanasının direktoru Vadim Gigin, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova, Rusiya Dövlət Uşaq Kitabxanasının Elm və tədris işləri üzrə direktor müavini Olqa Mezenseva, Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini Nuriyana Baysakova, Rusiya Dövlət Kitabxanası İxtisaslaşdırılmış şöbələr departamentinin direktoru Maria Ermakova, Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru, Departamentin direktor müavini - Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdiri İrina Qayşun, Səmərqənd Regional Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zebinisa Şodieva və digərləri məruzə ilə çıxış ediblər.

 Beynəlxalq konfransda Azərbaycan Milli Kitabxananasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Kitabxana-informasiya sahəsində süni intellektdən istifadənin üstünlükləri” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Direktor müavini süni intellekt texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqindən danışıb, dünyanın aparıcı elmi mərkəzlərində bu texnologiyaların elmi-nəzəri və praktiki problemlərinin geniş şəkildə tədqiq edildiyini vurğulayıb.

O, qeyd edib ki, süni intellektin kitabxana-informasiya sahəsinə tətbiqi bu sahədə yeni xidmətlərin inkişafı üçün imkanlar açır. Kitabxana və informasiya sahəsində süni intellektin tətbiqi kitabxana proseslərini təkmilləşdirməyə və istifadəçilərə daha səmərəli informasiya xidmətləri təqdim etməyə kömək edən bir çox üstünlüklərə malikdir. Süni intellektin kitabxana və informasiya sahəsinə tətbiqi biblioqrafik verilənlər bazalarının, ilk növbədə elektron kataloqun axtarış imkanlarının təkmilləşdirilməsinə imkan verir. Süni intellektdən istifadə materialların indeksləşdirilməsi və kataloqlaşdırılması, istifadəçi sorğularının işlənməsi, məlumatların təhlili və s. kimi bir çox gündəlik işləri avtomatlaşdırmağa imkan verir. Bu, kitabxanalara vaxt və resurslara qənaət etməyə və proseslərin  səmərəliliyini artırmağa imkan yaradır.   

Direktor müavini gələcəkdə kitabxana-informasiya sahəsində süni intellektin inkişafının gözlənildiyini bildirərək, bunun onu daha effektiv və istifadəçilər üçün əlçatan edəcəyini diqqətə çatdırıb.

Direktor müavini həmçinin Səmərqənd Regional Kitabxana-İnformasiya Mərkəzində keçirilən "Rəqəmsal nəslin informasiya mədəniyyəti: Özbəkistan kitabxanalarında uşaq və gənclərin media və informasiya savadlılığının formalaşdırılması layihəsinin həyata keçirilməsi üçün yeni istiqamətlər" (Özbəkistan Milli Kitabxanası və Moskva Dövlət Mədəniyyət İnstitutu arasında əməkdaşlıq çərçivəsində) mövzusunda elmi-praktik seminarda və “Kitabxanaların sərhədlərarası əməkdaşlığı: beynəlxalq qarşılıqlı fəaliyyətin yeni perspektivləri" mövzusunda Avrasiya Kitabxanalar Assambleyası çərçivəsində Mərkəzi Asiya transsərhəd kitabxanalarının direktorlarının xüsusi gorüşündə (Rusiya Dövlət Kitabxanasının nümayəndələrinin videobağlantısı ilə) iştirak edib.

 

icon

Foto qalereya