close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır

18-04-2018

 

Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Kitabxanasının bir gün öncə açılmış yeni binasında Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun təntənəli imzalanma mərasimi olmuşdur. Memorandumu Azərbaycan tərəfindən Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, Qətər dövləti tərəfindən Qətər Milli Kitabxanasının direktoru Dr. Sohair Wastawy imzalamışlar. İmzalanma mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini cənab Vaqif Əliyev, Azərbaycanın Qətər dövlətindəki səfiri cənab Rəşad İsmayılov, Qətər Fondunun və Milli Kitabxanasının və səfirliyin əməkdaşları iştirak etmişlər. Bu memorandum Azərbaycan Milli Kitabxanasının dünya ölkələrinin milli kitabxanaları ilə imzaladığı sayca 35-ci memorandumdur. 5 il müddətinə imzalanan bu sənəddə qarşılıqlı kitab, informasiya və elektron resursların, qiymətli kitabların və əlyazmaların surətlərinin, yaxud rəqəmsal variantlarının mübadiləsini, əməkdaşların təcrübə mübadiləsini və stajirovkaları, habelə innovativ yeniliklərin tətbiqi üzrə treninqlərin, elmi konfransların keçirilməsini və ənənəvi keçirilən kitab sərgilərində iştirakı nəzərdə tutur. Memorandumda həmçinin ərəb dilində çap olunmuş Azərbaycan müəlliflərinin yeni kitablarının təqdimat mərasimlərinin keçirilməsi də öz əksini tapmışdır. Mərasimin sonunda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu, Qarabağın tarixinə dair kitabı, Heydər Əliyev Fondunun nəşri olan "Qarabağ xanəndələri" muğam diskləri toplusunu, Azərbaycanın qədim musiqi alətləri haqqında kitabı Qətər Milli Kitabxanasına hədiyyə etmişdir. Sonra dəyirmi stol arxasında yaxın gələcək üçün əməkdaşlığın perspektivləri müzakirə olunmuş və Kərim Tahirov Qətər Milli Kitabxanasının direktoru Sohair Wastawy`ni Azərbaycana dəvət etmişdir. Xanım direktor heç vaxt Azərbaycanda olmadığını bildirərək dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirmişdir. Sonda Qətər Milli Kitabxanasının yeni binası və onun zalları ilə tanışlıq olmuşdur. Bununla da Azərbaycan nümayəndə heyətinin Qətərə səfəri başa çatmışdır.