close
icon E-kataloq və kitabxana

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

03-05-2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Kitabxana İnformasiya sahəsinin inkişafı üzrə (2008-2013-cü illər) Dövlət Proqramı”na əsasən Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən, yeni və dəyərli sorğu-məlumat kitabı – Azərbaycan Kitabxana Ensiklopediyası (AKE) (Bakı: Zərdabi-Nəşr MMC, 2015.- 630 s.) hazırlanaraq çap edilmişdir. Azərbaycanda kitabxana işi sahəsində ilk dəfə nəşr edilən bu fundamental sorğu-məlumat kitabının layihə rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, baş redaktoru Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, elmi redaktor BDU-nun Kitabşünaslıq kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Abuzər Xələfovdur. Redaksiya heyətinə respublikanın kitabxana-informasiya sahəsinin tanınmış mütəxəssisləri daxildir.

Bir çox Avropa ölkələrində - Böyük Britaniya, Almaniya, Polşa, Rusiya və ABŞ-da kitabxana ensiklopediyaları mövcuddur. Onlardan ən məşhuru Amerika Kitabxana Assosiasiyası tərəfindən 1993-cü ildə  nəşr edilən  “Ümumdünya kitabxana və informasiya xidməti ensiklopediyası”dır. Azərbaycan Kitabxana Ensiklopediyasını hazır­la­maqda məqsəd, respublikada bu sahədə əldə olunmuş professional biliklərin toplanması, onların yığcam şəkildə işlənərək geniş kitabxana cəmiyyətinin istifadəsinə verməkdir. AKE-nin hazırlanmasında Milli Kitabxananın kitabxanaşünaslıq, əsasən də terminologiya sahəsində illər uzunu əldə etdiyi təcrübənin böyük əhəmiyyəti olmuşdur.

AKE kitabxana işinin demək olar ki, bütün sahələrini əhatə edən ensiklopedik məlumatları özündə əks etdirən məqalələrdən ibarətdir. Burada əsas kitabxana terminləri və anlayışlar, Azərbaycanda kitabxana işinin tarixi: qədim, orta dövr və  yeni  yaranmış kitabxanalar, ayrı-ayrı görkəmli şəxslərin – Abbasqulu Ağa  Bakıxanovun, M.F.Axundzadənin, Mirzə Kazım bəyin və s. şəxsi kitabxanaları, xalq qiraətxanaları haqqında, dünyanın ən iri kitabxanaları, müasir kitabxanaçılıq təcrübəsinin ən mühüm yenilikləri və yekunları haqqında məlumatlar geniş yer almışdır. Həmçinin, kitabxana-informasiya sahəsinin baza anlayışları, resursları, mədəni kommunikasiya sistemində onun rolu, kitabxana menecmenti, kitabxana-informasiya xidməti, kitabxana-informasiya texnolo­giyaları haqqında məlumatlar da öz əskini tapmışdır. AKE-yə dünya kitabxanaşünaslığında və Azərbaycan kitabxana sahəsində xüsusi xidmətləri olan, fəxri adlarla təltif edilmiş şəxslər haqqında, onların həyat və fəaliyyətlərini geniş əks etdirən məqalələr daxil edilmişdir.

Ensiklopediyada  müxtəlif mövzuların açılmasında icmal, yaxud əhatəli arayış (məs. “Ölkəşünaslıq üzrə biblioqrafik informasiyanın yaranması və inkişafı”), qısa arayış xarakterli (məs. “Bibliopsixologiya”), yaxud ancaq mənanı açan (məs. “Biblioman”) qısa məqalələrdən də istifadə olunmuşdur. Məqalələr əlifba sırasına uyğun şəkildə düzülmüşdür. Ensiklopediya kitabxana binalarının, otaqlarının,  mütəxəssislərin, kitab abidələrinin şəkilləri ilə zəngindir.        

Şübhəsiz ki, ensiklopediyanın nəşri sahəvi kitabxana-informasiya bazasının yaranmasına və kitabxana işinin elmi və təcrübi inkişafına səbəb olacaqdır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

AKE geniş oxucu kütləsi – əlaqədar sahələrdə çalışan elmi işçilər, mütəxəssislər, müəllimlər, doktorantlar, magistrlər, tələbələr, kitabxana işçiləri üçün nəzərdə tutulmuşdur. Gərgin əməyin bəhrəsi, Azərbaycan kitabxanaçılığı üzrə zəngin məlumatlar mənbəyi olan bu sorğu kitabı Azərbaycan kitabxanaşünaslıq elmi üçün töhfə, kitabxanaçılar üçün dəyərli hədiyyədir.