25-12-2017
Dekabr ayının 25-də Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, ozan sənətinin tarixiliyindən, bu toplunun aşıq yaradıcılığının elmi inkişafında xüsusi rol oynayacağından danışmışdır.
Söz Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevə verilmişdir. O, kitabın təqdimatının təşkilindəki dəstəyə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmiş, Azərbaycan Aşıqlar Birliyini toplunun tərtibi və nəşri münasibətilə təbrik etmişdir.
Tədbiri toplunun baş redaktoru Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi,professor Məhərrəm Qasımlı apararaq ulu öndərin ozan aşıq sənətinin milli mədəniyyətimizin mühüm hissəsi kimi inkişafındakı rolundan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mənəvi dəyərlərimizin qorunmasındakı fəaliyyətindən bəhs etmiş, Mədəniyyət və Turizm Nazirliyinə aşıq yaradıcılığına həssas yanaşdığına, tədbirlərin keçirilməsinə görə minnətdarlığını bildirmişdir. Azərbaycan Aşıqlar Birliyi tərəfindən elmi-tədqiqat işi səviyyəsində aparılan işlərdən, silsilə şəkildə kitabların nəşrindən, gələcək istiqamətlərindən danışmışdır. O, qeyd etmişdir ki, Aşıqlar Birliyi aşıq yaradıcılığının elmi dəyərləndirilməsini aparan bir təşkilatdır və ən professional şəkildə yazılmış məqalələri əks etdirən bu toplunun nəşri əhəmiyyətlidir.
Professor Şirindil Alışanlı toplunun redaksiya heyətinin üzvü kimi Aşıqlar Birliyinin aşıq yaradıcılığının elmi-metodik, tədqiq və təbliğ mərkəzi kimi işindən danışmış, toplunun ildə bir deyil, iki dəfə nəşrinin vacibliyini qeyd etmişdir. O, həmçinin Milli Kitabxananın son illərdəki fəaliyyətini yüksək qiymətləndirmiş və tədbirin təşkilinə görə rəhbərliyə təşəkkürünü bildirmişdir.
Professor İsmayıl Məmmədli, Əməkdar artist aşıq Ulduz Quliyeva, professor İradə Köçərli, musiqişünas Kamilə Dadaşzadə, Əməkdar artist aşıq Solmaz Kosayeva, musiqişünas Mübariz Əliyev, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və b. milli ədəbiyyat ruhunu özündə əks etdirən toplunun nəşrinin aşıq sənətinə verilən qiymət olduğunu deyərək bu istiqamətdəki irəliləyişlərdən danışmışlar.
Tədbir bədii hissə ilə davam etmiş, aşıq Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, aşıq Altay Məmmədli, Gözəl Kəlbəcərli, Əli Tapdıqoğlu və Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyevanın ifasında mahnılar səslənmişdir.
Sonda tədbir iştirakçıları aşıq yaradıcılığından bəhs edən geniş kitab sərgisi ilə tanış oldular.