close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

15-01-2025

Azərbaycan kinoşünası, Əməkdar incəsənət xadimi Kazımzadə Aydın Ələsgər oğlu 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olub. 1963-cü ildən kinematoqrafiya sahəsində çalışır.

Azərbaycanda kino mətbuatının yaradıcısı Aydın Kazımzadə  " Kino " qəzetinin və " Film" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Filmfondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

1997-ci ildən indiyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Kino tarixi fənnindən dərs deyir.

Aydın Kazımzadə xalqımız və dövlətimiz üçün çox böyük işlər görmüş vətənpərvər kino fədaisi, əsl mənada, ziyalı bir insandır. Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması, həmçinin, Azərbaycanda animasiya kinosunun  yaranma tarixinin 1933-cü ilə aid olması faktlarının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq prezident Heydər Əliyev tərəfindən verilən sərəncamla 2 avqustun Kino İşçiləri Günü elan edilməsi Aydın Kazımzadənin adı ilə bağlıdır. 

Kinoşünas Aydın Kazımzadənin ərsəyə gətirdiyi əsərlər  - “Azərbaycan kino salnaməsi: iki cilddə”, “Azərbaycan kinosu: filmlərin izahlı kataloqu 1898-2002: 2 cilddə”, “Azərbaycan kinosu. Ensiklopedik lüğət: iki cilddə”, “Heydər Əliyev və kinematoqraf”, Azərbaycan kinematoqrafcısının həyat və yaradıcılığına həsr edilmiş “Azərbaycan kinematoqrafçıları”, Böyük Vətən müharibəsi dövründə Azərbaycan kino işçilərinin ön cəbhədə  çəkilişlər aparmalarından bəhs edən “Azərbaycan kinosu və müharibə” və s. əsərlər kino tariximizin əsl salnaməsidir.

Aydın Kazımzadə həm də bir neçə sənədli filmin müəllifidir.

Milli kino arxivinin yaradıcısı Aydın Kazımzadənin Azərbaycan kino sənətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Əməkdar mədəniyyət işçisi (2000), Əməkdar incəsənət xadimi (2005) fəxri adlarına layiq görülüb, “Humay”, “Qızıl qələm”, “Qızıl çıraq” mükafatları laureatıdır.

Milli kitabxanada kino salnaməmizin yorulmaz tədqiqatçısı  Aydın Kazımzadənin 85 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu milli kino tariximizi tədqiq edən fundamental əsərləri, ön söz və rəy verdiyi, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,  dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya