close
icon E-kataloq və kitabxana

AR-nın Mədəniyyət və Turizm Nazirliyi, AR-nın Hərbi Prokurorluğu, AMEA-nın Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanası “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabının təqdimatını keçirmişdir

21-04-2016

Aprel ayının 21-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, AMEA-nın Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanası “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabının təqdimatını keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ürək yanğısı ilə 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı,  Quba, Xaçmaz,  Lənkəran, Hacıqabul,  Salyan,  Zəngəzur,  Qarabağ,  Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışmış, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü, Qubada aşkar olunmuş kütləvi məzarlıqda – Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunması soyqırımın bariz nümunəsi olduğunu bildirmişdir.

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov öz çıxışında qeyd etmişdir ki, zəngin arxiv materiallarına əsaslanan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, 1918-ci illərdə Azərbaycan, ümumiyyətlə Türk-müsəlman əhalisinə qarşı soyqırımlar həyata keçirilmişdir. Erməni cəlladları Azərbaycan torpaqlarını müsəlmanlardan təmizləyərək “böyük ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bunun nəticəsində də yüz minlərlə müsəlman xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Azərbaycan Respublikasının Hərbi Prokurorunun müavini Rasim Kazımov təqdim olunan kitabın böyük əhəmiyyətə malik olduğunu söylədi. Çünki bu kitab arxiv sənədləri üzərində aparılmış elmi tədqiqat işlərinin nəticəsi olaraq ərsəyə gəlmişdir. O xüsusilə qeyd etmişdir ki, bu sənədlər əsasında sübut olunmuşdur ki, Azərbaycanda tək azərbaycanlılar yox, Türk-müsəlman əhalisi, ləzgilər, tatarlar, talışlar, avarlar, kürdlər və digər xalqların nümayəndələri qətlə yetirilmişdir. Bu soyqırımın həyata keçirilməsinə bilavasitə Bakı sovetinin sədri və Qafqaz işləri üzrə fövqəladə komissar Stepan Şaumyan göstəriş vermiş, bu dəhşətli cinayəti təşkil etmiş və ona başçılıq etmişdir.

Çıxışçılar Millət vəkilləri Fəzail İbrahimli, Aydın Mirzəzadə və BDU-nun professoru Atamoğlan Məmmədov soyqırımın tarixindən, Xalq Cümhuriyyəti dövründə iki il - 1919 və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyindən, 1998-ci ildə Azərbaycanın ümummilli lideri  Heydər Əliyev cənablarının  26 mart 1998-ci il tarixli fərmanı  ilə  31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən danışdılar və çox təəssüflə qeyd etdilər ki, beynəlxalq miqyasda ayrı-ayrı dövlətlər tərəfindən, nə də beynəlxalq təşkilatlar tərəfidən bu soyqırımı cinayətlərinə indiyədək hüquqi-siyasi qiymət verilməmişdir. Buna görə də yüz minlərlə günahsız insanları, o cümlədən qadınları, uşaqları, qocaları milli etnik mənsubiyyətinə görə məhv edən soyqırım cinayətkarları cəzasız qalıb.