11-07-2017
İyul ayının 11-də Ağdaş rayonunda M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının Ağdaş Regional Mədəniyyət İdarəsi ilə birlikdə keçirdiyi “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar çərçivəsində Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr etdirdiyi 50-dən artıq metodik və biblioqrafik vəsaitlərin Ağdaş, Göyçay, Ucar və Zərdab rayon kitabxana işçiləri üçün təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimini açıq elan edən Ağdaş rayon MKS-in direktoru Seyfəddin Feyzullayev Milli Kitabxananın son illərdə nəşr etdirdiyi metodik və biblioqrafik vəsaitlərin yerlərdəki kitabxanaların fəaiyyətinə, innovativ yeniliklərin tətbiqində və oxuculara informasiya xidmətinin təşkilində kitabxana işçilərinə yaxından köməklik göstərən əməli metodik materiallara çevrildiyini qeyd etmişdir. Sonra o sözü Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova vermişdir.
Prof.K.Tahirov Milli Kitabxananın son illərdə nəşr etdiyi vəsaitlərdən söz açmış, onların əhəmiyyətindən danışaraq əsas məqsədin yerlərdə kitabxanaların fəaliyyətini günün tələbləri səviyyəsində qurulmasında və innovativ yeniliklərin kitabxana işinə tətbiqində kitabxanaların ən yaxın köməkçilərinə çevrildiyindən danışmışdır. Sonra o Azərbaycan Respubliaksının Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası tərəfindən müsbət təcrübə kimi qəbul edilərək yerlərdə tətbiqi tövsiyə olunan “Açıq kitabxana” layihəsindən söhbət açmış və bu məsələ ilə bağlı Milli Kitabxananın nəşr etdirdiyi 2 metodik vəsaiti kitabxanaçılara təqdim etmişdir. Sonra kitabxanaçılara Milli Kitabxana tərəfindən yenicə nəşr olunmuş “Mütaliə mədəniyyəti, kitabla rəftar, oxucuların kitabxanaya cəlb olunmasının yeni formaları və kitabxanadan istifadəyə dair metodik tövsiyyələr” adlı yeni vəsaiti, “Mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların rolu” adlı yeni daycesti kitabxanaçılara təqdim etmişdir. Kitabxanaçılara həmçinin, oxuculara kitabxana xidmətinin yeni formalarından, kitab təbliğinin və oxucularla işin yeni metodlarından bəhs edən vəsaitlər təqdim olunmuşdur.
Tədbir çərçivəsində Milli Kitabxana tərəfindən son iki ildə nəşr olunan 52 adda metodik və biblioqrafik vəsait bütün kitabxana işçilərinə paylanmışdır. Tədbir çərçivəsində Milli Kitabxananın oxucularla iş üzrə direktor müavini Ədibə İsmayılova “Kitabxana işində yeni iş metodlarının və innovasiyaların tətbiqi təcrübəsi, oxuculara xidmətin yeni formaları” mövzusunda təqdimatla çıxış etmişdir.
Tədbirin sonunda Ağdaş, Göyçay, Ucar və Zərdab MKS-lərinin direktorları çıxış edərək belə vəsaitlərin kənd kitabxanalarının işçiləri üçün əhəmiyyətli rol oynadığını qeyd etmiş və yeni vəsaitlərin təqdimat mərasimlərinin hər il zonalar üzrə keçirilməsinin əhəmiyyətli bir tədbir olduğunu qeyd etmiş, həmin vəsaitlərin hazırlanmasında əməyi olan Milli Kitabxananın mütəxəssislərinə təşəkkürlərini bildirmişlər.
Seminar-treninq çərçivəsində Milli Kitabxana tərəfindən 30 nüsxə yeni kitab Ağdaş rayon Mərkəzi Kitabxanasına hədiyyə olunmuşdur.