07-04-2017
Aprel ayının 7-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Ağcabədi rayon İcra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Konservatoriyasının birgə həyata keçirdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili məclisləri Layihəsindən görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Tədbiri Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açaraq iştirakçıları salamlamış, tədbiri aparmaq üçün sözü Milli Kitabxananın direktoru, professor Kərim Tahirova vermişdir. O, “Sirlər xəzinəsi” Layihəsi haqqında qısa məlumat vermiş, "Sirlər xəzinəsi" nin ilk iki tədbirinin dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuliyə və XIX əsrin görkəmli şairəsi Xurşidbanu Natəvana həsr edildiyini, tədbirlərin Beynəlxalq Muğam Mərkəzində və Milli Kitabxanada keçirildiyini bildirmişdir. Növbəti ədəbi-bədii musiqili məclisin Ağcabədidə keçirilməsinin heç də təsadüfü olmadığını, görkəmli xanəndəmzin bu torpaqlarda doğulub-böyüdüyünü xatırlatmışdır.
Yaqub Məmmədov yaradıcılığı haqqında ətraflı məruzə edən Xalq artisti Arif Babayev görkəmli xanəndənin Qarabağ xanəndəlik məktəbinin yetirməsi olduğunu, onun Seyid Şuşinskidən muğam dəstgahlarının, xanəndəlik sənətinin sirlərini öyrəndiyini, sənətdə öz ənənələrini yaratdığını, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bildiyini söyləmişdir.
Sonra görkəmli xanəndənin ifasında “Mirzə Hüseyn” segahı səsləndirilmişdir.
Çıxışçılar: millət vəkili, Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, professor Ənvər Əhməd, Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Ağcabədi rayonunun ziyalısı Əbülfət Tapdıqov, Ağcabədi rayonunun ağsaqqalı Seyid Rasim xanəndə haqqında xoş xairələrini danışmışlar.
Məclis boyu Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, Qəzənfər Abbasov sənətkarın repertuarından muğamlar və təsniflər səsləndirmiş, onları Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Əliağa Sədiyev və Elnur Mikayılov müşayət etmişdir.
Tədbirdə həmçinin Ağcabədili gənc müğənnilər Nəcibə Məmmədova, Anar Ləhcəli və Ramiq Bayramovun ifasında muğamlar ifa olunmuşdur.
Sonda muğam ifaçılarının iştirakı ilə “Qarabağ şikəstəsi” ifa olunmuşdur.
Kərim Tahirov ədəbi-bədii musiqili məclisə yekun vuraraq belə məclislərin tezliklə hazırda işğal altında olan torpaqlarımızda keçirilməsini, “Qarabağ şikəstəsi”nin Şuşada, Laçında, Xankəndində ifa olunmasını arzulamışdır.
Milli Kitabxananın qızıl fondunda qorunan muğam haqqında, Yaqub Məmmədovun həyat və yaradıcılığından bəhs edən kitablar, məqalələr və disklərdən ibarət kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirə xanəndənin ifasında “Mənsuriyyə” muğamının səsləndirilməsi ilə yekun vurulmuşdur.