close
icon E-kataloq və kitabxana

Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi ilə əlaqədar növbəti tədbir Qazi Universitetində keçirilmişdir.

15-02-2018

Ankarada dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir Qazi Universitetində keçirilmişdir.
Qazi Universitetinin “Memar Kəmaləddin Salonu”nun foyesində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan görkəmli bəstəkar, tanınmış alim-pedaqoq vlə ictimai xadimin əsərlərindən, musiqi ədəbiyyatından və əsərlərinin disklərindən ibarət sərgi nümayiş olunmuşdur. Milli Kitabxananın direktoru professor Kərim Tahirov sərgidə nümayiş olunan kitablar haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Açılış mərasimi dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlamışdır.
Tədbiri TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov açaraq bir musiqiçi kimi Qara Qarayevin əsərlərindən böyük zövq aldığını,onun əsərlərində milli musiqi ilə klassik dünyəvi musiqinin üzvi şəkildə çox məharətlə sintez olunduğunu söyləmişdir. O, həmçinin dahi bəstəkarın yubileyinin digər Türkdilli ölkələrdə də keçiriləcəyini bildirmişdir.
Sonra Qazi Universitetinin rektoru prof.dr.İbrahim Uslan TÜRKSOY-un ortaq Türk mədəniyyətimizin təbliği istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən bəhs etmiş, dünya mədəniyyətinə və musiqi tarixinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov və digər görkəmli musiqi xadimlərini bəxş edən Azərbaycan xalqının çox mütəfəkkir və istedadlı xalq olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, 100 illik yubileyinə toplaşdığımız böyük bəstəkar Qara Qarayev təkcə Azərbaycanın deyil, bütün dünyanın musiqi xadimidir.
Sonra söz Azərbaycan Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadəyə verilmişdir. Firəngiz Əlizadə bu gün Qara Qarayevin tələbəsi olmaqla çox böyük qürur hissi keçirdiyini dilə gətirərək, dahi bəstəkarın ölməz əsərlərinin dünya musiqi mədəniyyəti tarixində layiqli yer tutduğunu söyləmiş, onun əsərlərinin Yaponiyadan tutmuş Kaliforniyayadək, Avropadan tutmuş Avstraliyayadək dünyanın hər yerində ifa olunduğunu fəxrlə söyləmişdir. Firəngiz Əlizadə unudulmaz bəstəkarın yubiley tədbirlərinin Parisdə, UNESCO-nun iqamətgahında, Londonda, Los Ancelesdə və digər böyük şəhərlərdə keçiriləcəyini bildirmişdir. Daha sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və başqaları çıxış etmişlər.
Çıxışlardan sonra bəstəkarın əsərlərindən ibarət konsert olmuşdur. Böyük bəstəkarın əsərlərini tədbir iştirakçılarına Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Kərimovanın dirijorluğu ilə böyük simfonik orkestr və xor təqdim etmişdir. Solo ifaları, ariya, romans və instrumental əsərləri Azərbaycan Respublikasının Əməkdar artisti prof.Gülşən Ənnağıyeva (Piano), Mədinə Tuqanova (mezzosoprano) və Azərbaycanın Əməkdar artisti prof.Toğrul Qəniyev (Skripka) ifa etmişlər.
Dahi bəstəkarın əsərlərindən ibarət konsert alqışlarla qarşılanmışdır.