close
icon E-kataloq və kitabxana

Ankara və İstanbul şəhərlərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilir.

07-03-2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 16 noyabr 2018-ci il və “Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarına müvafiq olaraq  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2019-cu il TÜRKSOY Beynəlxalq Təşkilatı tərəfindən “Nəsimi ili” elan olunmuşdur.

TÜRKSOY Beynəlxalq Təşkilatı Azərbaycan Respublikasının Mədəniyyət  Nazirliyi ilə razılaşdıraraq 2019-cu il martın 6-7-də Türkiyənin Ankara və İstanbul şəhərlərində Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana ilə birlikdə “Nəsimi ili”nin rəsmi açılış mərasimini keçirməyi qərara almışdır.

Açılış mərasimində respublikamızı Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovdan,  Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirovdan ibarət  rəsmi nümayəndə heyəti və Əməkdar artist Feyruz Səxavətin rəhbərliyi ilə tarzən, Əməkdar artist Əliağa Sədiyev və kaman ifaçısı Xəyyam Məmmədovdan ibarət muğam üçlüyü təmsil edirlər.

Martın 6-da “Nəsimi ili”nin rəsmi açılış mərasimi TÜRKSOY-un qərargahında Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan və məxsusi olaraq rəsmi açılış mərasimində nümayiş olunmaq məqsədilə Ankaraya aparılan Nəsiminin əsərlərindən və dahi şair haqqında nəşr olunan kitablardan ibarət “İmadəddin Nəsimi - 650” mövzusunda geniş kitab sərgisinin təqdimatı ilə başlamışdır. Sərginin açılışında Mədəniyyət Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun, Türkiyə Respublikasının Prezidentinin baş müşaviri Yalçın Topçu, TÜRKSOY-un Baş direktoru, prof. Düsen Kaseinov, Türkiyə Milli Kitabxanasının direktoru Hamdi Turşucu, türkiyəli alimlər və tədqiqatçılar, azərbaycanlı alimlər və digər qonaqlar iştirak etmişlər.

Sərginin açılışını bildirən qırmızı lent kəsildikdən sonra Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qonaqları sərgidə nümayiş olunan qiymətli kitablarla tanış edərək Nəsiminin XV əsrə aid əlyazmalarının surətlərini, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə nəşr olunmuş ilk çap kitablarını, 1926-cı ildə Bakıda nəşr olunmuş ilk əsərini, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərlərini, Azərbaycan Prezidentinin sərəncamı ilə nəfis tərtibatla çap olunmuş 2 cildliyini və başqa kitabları qonaqlara təqdim etmişdir.

Sonra isə TÜRKSOY-un böyük  konfrans zalında “Nəsimi ili”nin rəsmi açılış mərasimi baş tutmuşdur.

Tədbiri giriş sözü ilə açan TÜRKSOY-un Baş katibi D.Kaseinov 2019-cu ilin türkdilli ölkələr üçün “Nəsimi ili” elan olunması haqqında qərar  Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ötən ilin dekabrında TÜRKSOY-a daxli olan ölkələrin Mədəniyyət Nazirləri Şurasının qərarı ilə Türkiyənin Kastamonı şəhərində qəbul olunduğunu bildirmişdir. D.Kaseinov qeyd etmişdir ki, hər il Türksoya daxil olan 2 ölkənin görkəmli ədəbiyyat və mədəniyyət xadiminə həsr olunmuş illərin keçirilməsi artıq ənənə halını almışdır və bu sırada Azərbaycan xüsusi rol oynayır. Fərəhli haldır ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tədbirlərin həm Ankarada, İstanbulda və Türkiyənin Sakarya, İzmir, Kastamonu kimi digər şəhərlərində, həm də digər türkdilli ölkələrdə keçrilməsində Azərbaycanın Mədəniyyət Nazirliyi və Milli Kitabxanası çox fəal iştirak edirlər. Məhz bunun nəticəsidir ki, biz 10 ildən artıqdır Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxanası ilə birlikdə Dahi Nizami Gəncəvi, M.F.Axundzadə, M.Ə.Sabir, İlyas Əfəndiyev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, M.P.Vaqif, dünya şöhrətli bəstəkar Qara Qarayev və digər görkəmli şəxsiyyətlərə aid sanballı tədbirlər keçirmişik. Düsein Kaseinov çıxışında onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxanası ilə türk dünyasının görkəmli şəxsiyyətləri olan Yunus Əmrəyə, Məxtimqulu Fərabiyə, Abdulla Tukaya, Əhməd Zəki Validiyə, Çingiz Aytmatova, C.Cumabaya, Yusuf Balasaqunluya və başqalarına da həsr olunmuş belə tədbirləri Bakıda Milli Kitabxanada da böyük uğurla keçirmişik. Çıxışının sonunda cənab Kaseinov Nəsimiyə həsr olunmuş tədbirlərin 2019-cu il ərzində Azərbaycan Milli Kitabxanası ilə Bişkekdə, Astanada, Daşkənddə, Bakıda və digər şəhərlərdə də keçirəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Türkiyə Respublikasının Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Azərbaycanın görkəmli mütəfəkkiri, böyük şair İmaddədin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlərin Ankara və İstanbul şəhərlərində keçirilməsindən fəxarət hissi keçirdiyini bildirmiş və Azərbaycan xalqının böyük şairi İmadəddin Nəsiminin əsərlərinin Türk vətəndaşları tərəfindən sevilərək oxunduğu söyləmişdir. 

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev çıxış edərək 2019-cu ilin “Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti təşkilatı TÜRKSOY-a və onun Baş direktoru prof. Düsen Kaseinova Azərbaycan Respublikası adından minnətdarlığını bildirərək belə tədbirlərin uzun müddət biri-birindən uzaq düşmüş türkdilli xalqları daha da yaxınlaşdırdığını və onların mədəniyyətini, ədəbiyyatını və adət-ənənələrini daha da doğmalaşdırdığını bidirmişdir. Nazir qeyd etmişdir ki, biz hər dəfə həm Bakıda, Ankarada və İstanbulda, həm də digər türkdilli ölkələrdə belə tədbirlərdə iştirak etdikcə ədəbiyyatlarımızın, mədəniyyətlərimizin və adət ənənələrimizin daha böyük inteqrasiyasına və qarşılıqlı zənginləşməsinə kömək etmiş oluruq, şərait yaradırıq.

Dahi Azərbaycan şairi Nəsimiyə gəldikdə isə deyə bilərəm ki, bu böyük filosof şair daha çox Azərbaycan, türk dilində yazıb yaratdığına görə onun şeirləri, əlyazma divanlar bütün şərqdə və orta Asiyada hamının dillər əzbəri olmuşdur ki, bunu Nəsiminin şeirlərinin və əsərlərinin yayılma arealının çox böyük olması da bir daha əyani sübut edir. Nəsiminin yaradıcılığı və şəxsiyyəti Azərbaycanda çox yüksək qiymətləndirilir və onun doğma xalqına yenidən qayıdışı xalqımızın böyük oğlu, ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev böyük Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin YUNESKO-da da layiqincə qeyd olunmasına nail ola bilmişdir ki, sovet dövründə bu hadisə böyük inqilab hesab oluna bilərdi. Azərbaycan mədəniyyətinə, mili mənəvi dəyərlərimizə böyük önəm verən hörmətli Prezidentimiz İlham Əliyev cənabları da böyük Nəsiminin yaradıcılığına və poeziyasına yüksək dəyər verərək onun əsərlərinin dəfələrlə ölkəmizdə yüksək tirajla və nəfis bədii tərtibatla çap olunmasını təmin etmiş, dahi Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına, 2019-cu ilin bütövlükdə Azərbaycanda “Nəsimi ili” elan olunması barədə tarixi sərəncamlar imzalamışdır.

Cənab prezident Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsinə dair hər il 10-a yaxın belə sərəncam imzalayır və bununla da yubiley tədbirləri ölkədə, həm də ölkə xaricində geniş şəkildə qeyd olunur.

Daha sonra cənab Əbülfəs Qrayev Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Xalq artisti fəxri adı ilə təltif olunan TRT-nin xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.

Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun çıxış edərək Azərbaycan və Türk dövlətləri arasındakı qarşılıqlı ədəbi, mədəni əlaqələrdən və türkdilli Azərbaycan poeziyasının ən böyük ustadı və korifeylərindən olmuş Nəsiminin zəngin yaradıcılığı haqqında geniş söhbət açmışdır.

Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Sonra Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasının orta əsrlərin ən qüdrətli söz ustadlarından olan Nəsiminin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdiyini söyləmişdir. Akademik çıxışında Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin, xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətləri olduğunu, yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.

Daha sonra Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında oynadığı roldan, onun dünya ədəbiyyatı xəzinəsinə gözəl poeziya nümunələri bəxş etməsindən, Azərbaycandan, bütün Şərqdən və Orta Asiyadan başlamış dünyanın hər bir bucağında sevilərək oxunan mütəfəkkir, filosof şair kimi məşhurlaşmasından danışmışdır. Nəsiminin Azərbaycanın Şamaxı şəhərində anadan olmasına baxmayaraq onun öz şeirləri ilə qəlbləri fəth edərək bütün dünyanı gəzib dolaşdığını və fəlsəfə və sufizm ideyaları ilə zəngin olan poeziyasını bütün dünyaya yaya bildiyini söyləyən prof. Kərim Tahirov Nəsiminin təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının və fəlsəfi poeziyanın vurğunu olan  bütün poeziyasevərlərin yaxın dostuna çevrildiyini qeyd etmişdir. Professor Nəsiminin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, təmiz Azərbaycan dilində çox axıcı dillə gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu söyləmişdir. XX əsrin 70-ci illərində Nəsimini Azərbaycana və dünyaya tanıdan Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev olmuşdur və onun xeyir-duası ilə Azərbaycanda, bir sıra xarici ölkələrdə, hətta YUNESKO-da Nəsiminin yubiley tədbirləri keçirilmiş, onun adı institut, küçə və meydanlara verilmiş, Bakıda heykəli qoyulmuş, haqqında bədii film çəkilmişdir. Sovet dönəmində müttəfiq respublikalarda belə tədbirlərin keçirilməsi demək olar ki, nadir hadisə hesab olunurdu. İmadəddin Nəsimi öz fəlsəfi poeziyası, axıcı dilli qəzəlləri, gözəl şeirləri ilə həmişə Azərbaycan xalqının və poeziyasevərlərin qəlbində yaşayacaqdır.

Professor çıxışında Nəsiminin əsərlərinin bir sıra dillərdə - ingilis, alman, rus, türk, fransız, polyak və s. dillərdə tərcümələrinin dünyanın müxtəlif kitabxanalarında olduğunu xüsusilə qeyd etmiş, eyni zamanda 2019-cu il ərzində Azərbaycan və bütün dünyada Nəsiminin yubileyi ilə əlaqədar keçirilən tədbirlərin şairin daha geniş arealda tanınmasına və əsərlərinin geniş miqyasda nəşr olunmasına vüsət yaradacağını söyləmişdir.

Tədbirdə türk alim və tədqiqatçıları prof. Dr. Mustafa İsen və prof. Dr. Ahmet Bican Ercilasun İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş çıxışlar etmişlər.

Tədbirin sonunda qiraət ustaları tərəfindən İmadəddin Nəsiminin qəzəlləri və Əməkdar artist Feyruz Səxavətin rəhbərliyi ilə, tarzən, Əməkdar artist Əliağa Sədiyev və kaman ifaçısı Xəyyam Məmmədovdan ibarət muğam üçlüyünün ifasında Nəsiminin sözlərinə yazılmış musiqilər səsləndirilmişdir.

“Nəsimi ili”nin açılışına həsr olunmuş tədbir axşam saatlarında Ankara Cumhurbaşkanlığının Simfonik Orkestrinin konsert salonunda ədəbi-bədii konsertlə davam edəcəkdir.      

Yubiley tədbirlərinin davamı olaraq  mart ayının 7-də İstanbul şəhərində Türkiyə Ədəbiyyat Vəqfində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə “İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi”nə həsr olunmuş tədbir keçiriləcəkdir.