close
icon E-kataloq və kitabxana

Akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri”nin təqdimatı və Tarix institutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyasının Milli Kitabxanaya hədiyyə olunması

30-01-2019

Yanvarın 30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası  AMEA-nın Tarix İnstitutu ilə birlikdə həmin İnstitutun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri”nin və “Yaqub Mahmudov. Biblioqrafiya”, eyni zamanda Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyasının Milli Kitabxanaya təqdimetmə mərasimi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, müasir Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm xadimi, akademik Yaqub Mahmudovun çox zəngin yardıcılığını əks etrdirən, uzun illərin bəhrəsi olan 15 cilddə nəşr olunmuş “Seçilmiş əsərləri”n tarix elminə böyük töhfə olduğunu, eyni zamanda gələcək nəsillərin, gənc tarixçilərin, tədqiqatçıların istinadgahına çevriləcəyini söylədi. Professor çıxışında “Yaqub Mahmudov. Biblioqrafiya” kitabında isə alimin həyat və fəaliyyətindən bəhs edən ilk qələm təcrübəsindən başlayaraq 2018-ci ilə qədər işıq üzü görmüş elmi əsərləri – monoqrafiyaları, kitab, kitabça və dərslikləri, məqalə və çıxışları, müsahibələri və digər materialların əhatə edildiyini söylədi. Prof. Kərim Tahirov onu da qeyd etdi ki, Yaqub Mahmudov Azərbaycan tarix elmində milli məfkurənin əsasını qoymuş, yeni bir məktəb yaratmış və  həmin məktəbin nümayəndələri Azərbaycançılıq ruhunda Azərbaycan elminə və Azərbaycan dövlətçiliyinə xidmət edən tədqiqatlar, araşdırmalar aparır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxışında hər zaman tarix elminin tale yüklü məsələlərini araşdıran, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə nəsillərə örnək olan fədakar alimin, Yaqub Mahmudovun nəfis tərtibatda işıq üzü görmüş bu seçilmiş əsərlərinin tariximizlə bağlı həqiqətləri özündə əks etdirən bir toplu olduğunu söylədi. Cənab Vaqif Əliyev çıxışında 15 cildlik külliyatın çox böyük bir dövrü 1966-cı ildən başlamış 2017-ci il də daxil olmaqla böyük bir elmi-araşdırma dövrünü əhatə etdiyini, hər cilddə ayrı-ayrı dövrün – qədim və orta  əsrlər Azərbaycan tarixini, Azərbaycan diplomatiyasını, tarixi əlaqələrini, müstəqillik tariximizi, Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən elmi araşdırmaların öz əksini tapdığını bildirdi.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, akademik Nərgiz Axundova çıxış edərək Yaqub Mahmudovun ictimaiyyətə təqdim olunan 2011-2017-ci illərdə nəşr olunmuş 15 cilddən ibarət “Seçilmiş əsərləri”nin Azərbaycan tarixində xüsusi yeri olduğunu, hər bir əsərində milli maraqlarımızın əks olunduğunu söylədi.

Milli Məclisin üzvü, professor Fəzail İbrahimli çıxışında Yaqub Mahmudovun Azərbaycanın milli dövlətçilik tarixində mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, Azərbaycan diplomatiyasının tarixi, Azərbaycan xalqının etnik siyasi tarixi, Azərbaycanın dövlətçilik ənənələri və intibah mədəniyyəti, Azərbaycanın tarixi torpaqları və ayrılmaz hissəsi olan Qarabağ, Naxçıvan və İrəvanın etnik və siyasi tarixi, iqtisadi inkişaf mərhələləri, mədəniyyəti, Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurları Azərbaycan dövlətçiliyinin tarixi fonunda araşdırıldığını qeyd etdi.

Milli Məclisin üzvü, professor Elman Nəsirli çıxış edərək Yaqub Mahmudovun müəllimlik fəaliyyətindən geniş söhbət açdı.      

BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov çıxış edərək Yaqub Mahmudovun yazdığı elmi əsərlərinin alimin ən böyük sərvəti olduğunu, dövr, zaman dəyişsə də hər birinin Azərbaycan tarixində Sovet dönəmindən bu günə kimi öz aktuallığını  qoruyub saxladığını söylədi.

Daha sonar AMEA-nın Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov, AMEA-nın Tarix İnstitunun direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli çıxış edərək görkəmli alimin geniş araşdırmalarından söhbət açdılar.

Sonda Akademik, Əməkdar Elm xadimi, Milli Məclisin üzvü Yaqub Mahmudov çıxış edərək tədbir iştirakçılarına, Milli Kitabxananın kollektivinə öz minnətdarlığını bildirdi və daima Ulu Öndər Heydər Əliyev və onun siyasi davamşısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan tarixinə layiqli qiymət göstərildiyini və Tarix İnstitutunun rəhbəri olaraq bununla qürur hissi keçirdiyini bildirdi.