03-05-2018
3 may 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə “Akademik Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimini keçirmişdir.
Tədbiri Azərbaycan Dillər Universitetin rektoru, akademik Kamal Abdulla açaraq qonaqları salamlamış, söyləmişdir ki, bu tədbir yalnız kitabla deyil, həmçinin kitablar haqqında kitabla bağlıdır. Akademik qeyd etmişdir ki, kitab yalnız Ramiz Mehdiyevin əsərlərinin siyahısından ibarət olmayıb, analitik tədqiqat işidir və onu alimin Azərbaycan elminə zaman-zaman verdiyi əsərləri ümumiləşdirən, təsnifləşdirən salnamə hesab etmək olar. Kamal Abdulla vurğulamışdır ki, titanik zəhmət nəticəsində elm fədaisi, dövlət quruculuğunda çalışan şəxsiyyət, ulu öndərin prinsiplərini həyata keçirən dövlət xadimi kimi Ramiz Mehdiyev bu gün də Prezidentimizin yanındadır, onun silahdaş kimi yalnız siyasi deyil, həmçinin elm qurucusu kimi dövlətçilik və elm tariximizdə rolu əvəzsizdir.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək söyləmişdir ki, milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövlətin və cəmiyyətinin inkişafı və s. mövzularla bağlı çoxsaylı kitab və məqalələr müəllifi olan akademik Ramiz Mehdiyev ölkənin modernləşmə və dayanıqlı inkişafının fəlsəfi konsepsiyasını işləmiş, dövlət ideologiyasının elmi-fəlsəfi əsaslarını hazırlamışdır. Professor təqdimatı keçirilən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanmış “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının 2009-cu il nəşrinə nisbətən daha təkmilləşdirilmiş vəsait olduğunu, kitabın əhatəli olması üçün həm ölkənin, həm də dünyanın 40-dan çox böyük kitabxanalarında axtarışlar aparıldığını söyləmiş, kitabın quruluşu haqqında məlumat verərək elmi dəyərinin böyük olduğunu diqqətə çatdırmış və tədqiqatçılar üçün zəngin mənbə olacağını vurğulamışdır.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”, “Akademik Ramiz Mehdiyevin elmi-nəzəri araşdırmalarından”, “Elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Ramiz Mehdiyev dünya kitabxanalarında” və “Fotoqalereya” adlı bölmələrdən ibarət olan “Akademik Ramiz Mehdiyev” adlı elektron məlumat bazası təqdim edilmiş, zəngin tammətnli baza bütün dünya oxucularının istifadəsinə verilmişdir.
AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli çıxışında fundamental fəlsəfi tədqiqat əsərləri meydana qoymuş, nəzəri-fəlsəfi irsi Heydər Əliyevçilik və azərbaycançılıq məsələlərinin vəhdəti ilə səciyyələnən dövlət xadimini müstəqillik dövrü Azərbaycan elmində siyasətşünaslıq istiqamətinin yaradıcısı adlandırmış, onun müasir Azərbaycan cəmiyyətinin inkişafının siyasi-fəlsəfi əsaslarını işləyib hazırladığını söyləmişdir. Natiq vurğulamışdır ki, tapşırılan vəzifəyə məsuliyyətlə, sədaqətlə xidmət etmək, habelə prinsipiallıq və təmkinli praqmatik yanaşma, irəliyə aydın baxış Ramiz Mehdiyevin dövlət quruculuğu və idarəçilik istiqamətindəki çoxillik səmərəli fəaliyyətinin mahiyyətini təşkil edir. Akademik söyləmişdir ki, çoxcəhətli zəngin elmi təcrübəyə malik olan Ramiz Mehdiyevin nəzəri-fəlsəfi təlimində hər əsər Azərbaycan cəmiyyətinin bir mühüm sahəsinin, vacib bir istiqamətinin fəlsəfi dərkindən ibarətdir. O, qeyd etmişdir ki, akademik Ramiz Mehdiyev ilk dəfə ümummilli lider anlayışının düsturunu yaratmış, Azərbaycanda dövlətçilik tarixinin öyrənilməsi istiqamətində əsərlər yazmış, milli dövlətçilik təliminin elmi-nəzəri əsaslarını hazırlamışdır.
Akademik İsa Həbibbəyli sanballı biblioqrafik nəşrin ərsəyə gəlməsinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmiş, söyləmişdir ki, Azərbaycanda biblioqrafiyaşünaslıq elminin ciddi yekunu, mühüm nəticəsi olan bu nəşrlər kitabxananın potensialını ortaya qoyur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov nitqində demişdir ki, Ramiz Mehdiyev Azərbaycanın dövlətçilik tarixi, müstəqil ölkəmizin inkişafı və nailiyyətləri, ulu öndər Heydər Əliyevin strateji kursu və Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin müxtəlif aspektləri haqqında dünyanın bir çox ölkələrində müxtəlif dillərdə çap edilən kitabların müəllifidir. Urxan Ələkbərov söyləmişdir ki, həm görkəmli siyasətçi, həm də əsl elm adamı olan akademik əsərlərində həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparır, hər birində geniş elmi axtarışlara söykənir, elmi əsaslandırmanı əsas götürür. O, akademik Ramiz Mehdiyevi qlobal miqyaslı şəxsiyyət adlandırmış, idarəçi kimi bu sahənin kadrlarının formalaşmasındakı rolunu yüksək qiymətləndirmişdir.
AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ramiz Mehdiyevi fövqəladə şəxsiyyət adlandırmış, söyləmişdir ki, akademik həm ictimai, dövlət xadimi, həm də filosof kimi tariximizin müxtəlif dövrlərində gedən prosesləri dərin şəkildə təhlil edib ictimaiyyətə çatdırır, onun əsərləri tarixçilərə istiqamət verir. Akademik qeyd etmişdir ki, Ramiz Mehdiyevin fəaliyyəti dissertasiya mövzularına çevrilməli, tədqiq olunmalıdır.
AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə tarixşünas, filosof, siyasətçiolan akademiki böyük metodologiya sahibi adlandırmışdır.
Milli Məclisin üzvü, yazıçı-publisist Elmira Axundova çoxşaxəli, hərtərəfli, dolğun yaradıcılığa malik, sanballı kitablar müəllifi olan akademik Ramiz Mehdiyevin müstəqil Azərbaycanın ilk qurucularından biri olduğunu söyləmiş, akademik haqqında bu cür biblioqrafik nəşrin hazırlanmasına görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür etmişdir.
Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev Ramiz Mehdiyevin elmi və siyasi fəaliyyətindən danışmış, kitabın tərtibinə görə əməyi keçən hər kəsə minnətdarlığını bildirmişdir.
Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov akademikin kitaba, kitabxanaya olan diqqət və qayğısından bəhs etmişdir.
Sonda Kamal Abdulla biblioqrafiyanın hazırlanmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, əməyi keçən hər kəsə təşəkürünü bildirmiş, vəsaitin tələbələr, alimlər üçün mühüm istiqamətverici mənbə olacağını söyləmişdir.