close
icon E-kataloq və kitabxana

Açıq Kitabxanada Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

26-02-2019

Fevral ayının 26-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültələrinin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək söyləyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları SSRİ adlı imperiyanın şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun 23-cü diviziyasının 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər. Şəhər yerlə-yeksan edildi, Xocalının yüzlərlə sakini güllələndi, əsir götürülən qız-gəlinlər, azyaşlı uşaqlar, qocalar, düşmənə qarşı son anadək qəhrəmanlıqla döyüşən oğullar amansız işgəncələrə məruz qaldılar. O, qeyd edib ki, 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən törədilmiş cinayətlər nəinki burada görənləri sarsıtmışdı, eləcə də bu əməllər barədə eşidənləri belə dəhşətə gətirir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən direktor müavini bununla dünya ictimaiyyətinin Xocalı soyqırımı və erməni vəhşilikləri haqqında əsl həqiqətləri biləcəyini və bununla bağlı öz kəskin mövqelərini bildirəcəklərini vurğulayıb.

Gənclər də öz növbəsində Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlərin həyata keçirildiyini söyləyiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğının amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu deyən tələbələr ölkəmizin ərazi bütövlüyünün hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmizlə bərpa ediləcəyinə inamlarını və bu faciənin təbliği istiqamətində əzmlə çalışacaqlarını bildiriblər.

Gənclər erməni vandallarının Azərbaycanın qədim yaşayış məntəqəsi olan Xocalı şəhərində həyata keçirdikləri soyqırıma dair kitablar, fotoşəkillər və dövri mətbuat materialları ilə tanış olublar.

icon

Foto qalereya