close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib

07-11-2024

Noyabrın 7-də Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova iştirak edib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, 8 Noyabr tarixi Azərbaycan üçün çox əhəmiyyətli tarixi  bir gün – Zəfər Günü, Böyük Qələbə Günüdür!. Qeyd edib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi!  44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu Qələbə ilə Azərbaycan öz adını nəinki ölkə hərb tarixinə, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Bildirib ki, heç bir zəfər, azadlıq qansız başa gəlmir. Çox təəssüflər olsun ki, bizim də Zəfər müharibəmizdə çoxsaylı cəsur övladlarımız şəhid oldu. Onların əziz xatirəsini biz heç vaxt unutmayacağıq.  Direktor Böyük Qələbəni Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi, məqsədyönlü, ardıcıl siyasət aparması nəticəsində əldə etdiyimizi bildirib. Bu tarixi Zəfərimiz haqqında çoxsaylı kitablar yazıldığını və bundan sonra da yazılacağını, bizim də borcumuzun həmin kitabları təbliğ etmək olduğunu  söyləyib.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova qeyd edib ki, 8 Noyabr tarixinə təsadüf edən Zəfər günün xalq olaraq birlikdə yenidən qeyd etməyimiz bizi sevməyən düşmənlərimizə  bir mesajdır.  Əlavə edib ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonu ərazisində noyabr ayının 1-dən etibarən Zəfər həftəsi elan olunub.  Zəfər  həftəsi çərçivəsində  rayonun  müxtəlif müəssisə, təşkilat və idarələrində mədəni-kütləvi tədbirlər, idman yarışları və s təşkil olunduğunu, şəhid ailələri və qazilərlə görüşlər keçirildiyini bildirib. Səbail rayonu üzrə 16 şəhidin olduğunu, şəhidlərin adlarını əbədiləşdirmək üçün məktəblərdə sinif otaqlarının, xatirə lövhələrinin açıldığını vurğulayıb. Zəfərin qazanılmasının heç də asan olmadığını, bu gün artıq  işğaldan azad olan ərazildə yenidənqurma və quruculuq işlərinin aparıldığını, həyatın yenidən canladığını, məktəblərdə, Qarabağ Universitetində tələbələrin təhsil aldığını bildirib. Bu gün də  müqəddəs məkan olan Milli kitabxanada  Zəfər gününə həsr olunmuş tədbirdə ənənəvi kitab sərgisinin açılışında iştirak etdiyi üçün, tədbirin təşkilinə görə Milli Kitabxananın  rəhbərliyinə təşəkkürünü bildirib. Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Tədbirin davamında bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü Şanlı Tariximizdir!” adlı elektron məlumat bazasının təqdimatı olub.

Qeyd edək ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Zəfər paradında Prezident İlham Əliyevin nitqi”, “Zəfərlərimiz”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Zefer_gunu/index.html linkindən istifadə edə bilərlər.

Sonra Milli kitabxananın İnformasiya-Axtarış sistemləri ilə iş şöbəsinin müdiri Səyyarə Məmmədli müəllifi olduğu Zəfər Gününə həsr olunmuş şeirini səsləndirib.

Sonda iştirakçılar Zəfər gününə həsr olunmuş ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə 44 gün davam edən II Qarabağ müharibəsini, Zəfər tarixini özündə əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, fotolar və s. materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunub.

icon

Foto qalereya