08-06-2023
İyunun 8-də şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı olaraq 8 nömrəli tam orta məktəbin 3b sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olublar.
İlk öncə şagirdlər “Heydər Əliyev Guşəsi” ilə tanış olublar. Qeyd edək ki, guşədə Ulu Öndərin bir vaxtlar Milli Kitabxanaya gələrkən bu elm məbədinə öz şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitab nümayiş olunur.
Şagirdlər daha sonra Milli Kitabxananın tarixi, iş rejimi, elektron kitabxana və elektron kataloq sistemi,“Azərbaycan ədəbiyyatının arxivi”, “Tələbə və gənclər zalı”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Uşaq otağı”, elmi zallar və kitabxananın sərgi zalında nümayiş olunan “2023 – Heydər Əliyev ili”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı”, “Qədim yurd yerimiz – Qərbi Azərbaycan”sərgiləri ilə tanış olublar. Həmçinin Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.
Şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana, xüsusilə orada yerləşdirilmiş Uşaq guşəsi ilə yaxından tanış olublar.
Sonda xatirə şəkili çəkilib. Şagirdlər Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulayaraq gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulayıblar.