Sentyabr ayının 21-də Milli Kitabxanada “21 sentyabr Beynəlxalq Sülh günü” adlı geniş kitab sərgisi açılmışdır.
Sərgini Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq tədbir iştirakçılarını salamlamış, “Belynəlxalq Sülh Günü”nün yaranma tarixindən danışmış, hər il bu günün ölkəmizdə geniş qeyd olduğunu bildirmişdir.
Direktor müavini çıxışında əbədi mövzu olan sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, bu illərdə Azərbaycanın həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atdığını qeyd etmişdir. O, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldığını, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladığını, müharibəni dayandırdığını, ölkədə sabitliyə nail olduğunu vurğulamış və dövlətimizin hər zaman sülh arzusunda olduğunu bildirmişdir. Ədibə İsmayılova eyni zamanda çıxışında bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər gördüyünü söyləmişdir.
Sonda tədbir iştirakçıları Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablardan, dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış olmuşlar
Həmçinin Beynəlxalq Sülh günü münasibətilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada “21 sentyabr Beynəlxalq Sülh Günü” adlı tədbir keçirilmişdir. Tədbirdə 7 saylı məktəbin 4 a və 8 saylı məktəbin 5 a sinif şagirdləri iştirak etmişlər. Sagirdlər arasında mövzu ilə bağlı seir və rəsm müsabiqəsi keçirilmişdir. Qaliblərə Açıq Kitabxananın fondundan kitab hədiyyə edilmişdir.