Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi kitabxanaların qarşısında duran əsas vəzifələrdən biridir.
Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında Milli Kitabxananın nəzdində həftənin bütün günləri 24 saat fəaliyyət göstərən Açıq Kitabxana - sərbəst mütaliə məkanında 8 saylı tam orta məktəbin 4a və 7 saylı tam orta məktəbin 3a sinif şagirdlərinin iştirakı ilə “23 aprel – Beynəlxalq Kitab Günü” adlı tədbir keçirilmişdir.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq, şagirdləri bayram münasibəti ilə təbrik etmiş, “23 aprel – Beynəlxalq Kitab Günü”nün yaranma tarixi haqqında məlumat vermişdir. Kitabxananın direktoru tədbir çərçəvəsində keçirilən şeir müsabiqəsini açaraq, sözü şagirdlərə vermişdir.Şagirdlər Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı yazıçılarının yaradıcılığından şeirlər söyləmişlər. Müsabiqənin qaliblərinə və tədbirin digər iştirakçılarına “Beynəlxalq Kitab Günü” münasibəti ilə kitab hədiyyə edilmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.