close
icon E-kataloq və kitabxana

1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimi

30-03-2018

30 mart 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə 1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimini keçirmişdir.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açmış, çıxış edərək bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.Bu il Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalamışdır ki, bununla bağlı respublikanın müxtəlif regionlarında, müxtəlif təşkilatlar tərəfindən və beynəlxalq səviyyədə silsilə tədbirlər reallaşdırılır.O demişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.Professor bir sıra tarixi faktlara istinad edərək Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırım siyasətindən ətraflı bəhs etmiş, qeyd etmişdir ki, erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən bu günə qədər Azərbaycan torpaqlarında günahsız insanların qanı tökülmüşdür.

Direktor qeyd etmişdir ki, daşnak-bolşevik hərbi qüvvələri şəhərdə və ətraf  kəndlərdə kütləvi qətliam və dağıntılar törətmişlər. Erməni dəstələri bir çox tikililərə, «İsmailiyyə» binasına, Təzəpir məscidinə od vurmuşdular. Mart günlərində Bakının istisnasız  olaraq  bütün azərbaycanlı əhalisi – kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının və talanlarının qurbanlarına çevrilmişdir.31 mart günlərində Bakıda törədilmiş soyqırım bəşəriyyət tarixində ən qəddar cinayətlərdən biri kimi qiymətləndirilmiş və ümummilli lider Heydər Əliyev tərəfindən bu cinayətə lazımi siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Professor söyləmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılmışdır və 31 mart tarixində  Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz Quba soyqırımı məzarlığına təşkil ediləcək yürüşdə iştirak edərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla anacaqlar.

Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva çıxış edərək vurğulamışlar ki, həmin günlər azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Erməni quldur dəstələri  Bakının ətraf kəndlərinə də basqınlar edərək sakinlərin evlərinə soxulur, şəhər kənarı yollarda pusqular qurur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirirdilər. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam etmiş, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar — ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetirilmişlər.Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.1918-ci il  martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etmiş, lakin onun üç günü  erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və  qəddarlığının  xüsusilə kütləvi xarakteri ilə səciyyələnmişdir. 

Milli Kitabxananın şöbə müdiri, şairə Səyyarə Məmmədli çıxış etmiş və öz şeirini səsləndirmişdir.

Sonda professor Kərim Tahirov tarixin yazıya alınaraq gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini vurulamış, bu mövzuda kitabların sayının çoxalmasını, onların nəşrinin həyata keçirilməsini təbliğat üçün əhəmiyyətli hesab etdiyini, beynəlxalq kitab sərgilərində bu cür nəşrlərlə çıxış etdiklərini, Milli Kitabxananın da bu məqsədlə metodik və biblioqrafik vəsait hazırladığını qeyd etmişdir.

Direktor bu gün Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışmış, işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirmişdir.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür”  adlı Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materiallarndan ibarət geniş sərgi ilə tanış olmuşlar.

Həmçinin  Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə  1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş  “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı  tədbir keçirilmişdir.

Açıq Kitabxananın əməkdaşları tərəfindən tələbələrə dünyada misli görünməyən, insanlığa sığmayan soyqırım haqqında məlumat verilmiş, BDU-nun tələbəsi Manaf Talıbov tədbirdə çıxış etmişdir.

icon

Foto qalereya