close
icon E-kataloq və kitabxana

“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimi

23-02-2018

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı“Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimini keçirmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmişdir ki, bu plana uyğun olaraq bu günlərdə Xocalı soyqırımı ilə bağlı çoxlu sayda tədbirlər keçirilir. Kitabxananın direktoru 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdiyini, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfərin öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınların əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldığını, 150 nəfərin taleyinin hələ də məlum olmadığını söyləmişdir. O, qeyd etmişdir ki, XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən olan Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdi. Bu planın qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə yetirilmiş, əsir-girov götürülmüş, yurd yerindən qovulmuşdur. Dağlıq Qarabağı zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin miqyasına görə ən dəhşətlisi olan Xocalı faciəsi ermənilərin genosid cinayəti törətmələrini bir daha sübut edir.

Direktor qeyd etmişdir ki, təqdimatına toplaşdığımız “Azərbaycan” qəzeti tərəfindən nəşr edilən “Xocalı şahidləri danışır” adlı kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapmışdır.Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə nəşr olunmuş, 2015-2017-ci illər ərzində “Azərbaycan” qəzetində dərc olunmuş faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur və Xocalıda dinc  əhaliyə qarşı həyata keçirilən soyqırım cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbədir. Şəhərin 47 sakininin yaşadığı dəhşətləri, faciəvi əsirlik həyatını, məruz qaldığı maddi-mənəvi itkiləri ətraflı əks etdirən məqalələr tarixi sənəd səciyyəsi daşımaqla bərabər, ermənilərin törətdiyi soyqırım cinayətlərini müfəssəl və real faktlarla isbat edir. Kitab Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesində dəyərli vəsaitdir.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş  şöbəsinin baş məsləhətçisi Elbəy Əli çıxış edərək demişdir ki, XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilmişdir ki, onlardan ən dəhşətlisi Xocalı faciəsidir.Azərbaycan höküməti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. İnsanlığın tarixinə kütləvi terror aktı kimi daxil olan, Azərbaycan xalqının qan yaddaşına acı bir kədər, dərin bir uzüntü kimi həkk olan Xocalı faciəsi iyirminci əsrin ən dəhşətli soyqırımı kimi dünyanın bir sıra ölkələri tərəfindən qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

Milli Kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova öz çıxışlarında bütünlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibətinin erməni millətçilərinin məqsədyönlü soyqırım siyasətinin davamı olduğunu, etnik təmizləmə siyasəti aparan erməni millətçi-şovinistlərinin zaman-zaman Azərbaycan xalqına qarşı amansız olduğunu, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışdıqlarını vurğulamışlar.

Daha sonra Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı şairə Solmaz Elqızı Xocalı faciəsinə həsr etdiyi şeirini səsləndirmişdir.

Professor Kərim Tahirov bu cür kitabların sayının çoxalmasını, onların nəşrinin və təqdimatlarının keçirilməsini təbliğat üçün əhəmiyyətli hesab etdiyini, beynəlxalq kitab sərgilərində bu cür nəşrlərlə çıxış etdiklərini, tarixin yazıya alınaraq gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini demişdir. O, qeyd etmişdir ki, doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “Xocalı – XX əsrin soyqırımı”  adlı kitab sərgisi ilə tanış olmuşlar. Xocalı həqiqətləri haqqında Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materialları nümayiş olunan böyük sərgi on gün ərzində davam edəcək.

Həmçinin Xocalı soyqırımının 26–cı ildönümü münasibətilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Xocalı soyqırımı” adlı kitab sərgisi və foto qalereya təşkil edilmişdir.

Sərgidə Bakı şəhər 23 saylı orta məktəbin 5 a sinif şagirdləri iştirak etmişlər.  Açıq Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə  Xocalı faciəsi haqqında məlumat verilmişdir.

Müəllimə Qurbanova Pərvin Xocalıda baş verən qətliamın  dünyada misli görünməyən, insanlığa sığmayan, olduqca dəhşətli faciələrdən biri olan soyqırım olduğunu qeyd etmişdir. O,  belə tədbirlərin keçirilməsinin uşaqların vətənpərvərlik ruhunda böyüməsi və tariximizi daha dərindən bilmələri üçün əhəmiyyətli olduğunu qeyd etmişdir. Məktəblilər sərgidə nümayiş olunan kitab və dövri mətbuatla yaxından tanış olmuşlar.

 

icon

Foto qalereya