22-07-2024
149 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub.
Milli mətbutın ilk “qaranquşu” olan “Əkinçi” qəzetinin nəşrindən sonra XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlamışlar. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi.
Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Milli Kitabxanada “22 İyul - Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.