close
icon E-kataloq və kitabxana

2017-ci il noyabr ayının 4-də Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyinin ,TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın böyük şairi Molla Pənah Vaq

04-11-2017

2017-ci il noyabr ayının 4-də Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyinin ,TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, şairin 300 illik yubileyinə həsr edilmiş tədbirlərdən bəhs etmiş, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin yubileyinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək səviyyədə keçirildiyinə diqqəti çəkmiş, il ərzində keçirilən Beynəlxalq Kitab Sərgilərində belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd etmişdir. Direktor Milli Kitabxananın bu yubileyə tövhəsi olan kitabxananın əməkdaşları tərəfindən tərtib edilmiş və "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından çap olunmuş "Molla Pənah Vaqif Biblioqrafiya", Nizami Cəfərovun "Molla Pənah Vaqif" və Türksoy təşkilatı və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış " Molla Pənah Vaqif şeirləri dünya dillərində" kitablarını tədbir iştirakçılarına təqdim etmişdir. O kitabxananın əməkdaşları tərəfindən hazırlanan fundamental biblioqrafiyada Azərbaycan və rus dillərində materiallarla yanaşı, dünya xalqlarının iyirmiyə yaxın dillərində çap olunmuş şairin əsərlərinin əhatə olunduğunu bildirərək, bütövlükdə biblioqrafiyada 2500- ə yaxın mənbənin əks olunduğunu xüsusi vurğulamışdır. Bu gün təqdim olunan bu kitabların Molla Pənah Vaqif irsinin dünya miqyasında təbliğində böyük rol oynayacağını söyləmişdir. Sonra söz tədbirin əsas təşkilatçılarından biri olan TÜRKSOY- un Baş Katibi prof. Düsen Kaseinova verilmişdir. O, son illərdə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirlərin ortaq türk mədəniyyətimizin tədqiqi və təbliğində danılmaz rolu olduğunu iştitakçıların diqqətinə çatdırmış, bu gün vaqifsevərlərin bayramı olduğunu və təqdimatı keçirilən bu kitabların Vaqifi əbədiyyətə qovuşduracağını bildirmişdir. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili , akademik Nizami Cəfərov böyük şairin yaradıcılığı haqqında geniş məlumat vermiş, M.P.Vaqifin həyat və fəaliyyətinin Ulu Öndər Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini,vaxtilə Sovet İttifaqının görkəmli ədəbiyyat xadimlərinin iştirakı ilə Qarabağın mərkəzi Şuşada onun möhtəşəm məqbərəsinin açılışında iştirak etdiyini bildirərək, hazırda həmin möhtəşəm abidənin erməni vandalları tərəfindən yerlə yeksan olunduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Akademik vaqifsevərlərin bu tədbirdə iştirakını yüksək qiymətləndirmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, AMEA-nın Ədəbiýyat İnstitutinun şöbə müdiri prof.Mahirə Quliyeva, Mərmərə Universitetinin Türk dili və ədəbiyyatı bölümünün başqanı prof.Gülşən Alışıq, Yeditepe Universitetinin Egitim Fakültəsinin dekanı dosent Eralp Alışıq və digər çıxış edənlər şairin keçdiyi həyat yolundan və poeziya sahəsində qazandığı uğurlardan danışmışlar. Mərmərə Universitetinin istedadlı tələbələri Ləman Qarayeva və Cefer Mustafalı, habelə "Molla Pənah Vaqif dünya dillərində" kitabındakı şeirləri Ukrayna dilinə tərcümə edən İvan Pavliy şairin qəzəllərindən söyləmişlər. Tədbirdə həmçinin Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev də iştirak etmişdir. Tədbirə yekun vuran prof. Kərim Tahirov Vaqifin şairliklə yanaşı həm də ictimai- siyasi xadim olaraq XVIII əsr Qarabağ Xanlığında mühüm vəzifə tutduğunu söyləmiş, erməni silahlıları tərəfindən işğal olunmuş Qarabağ torpaqlarının tezliklə hörmətli prezdentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunacağını və Vaqifin növbəti yubileyinin Qarabağda, Şuşada və Cıdır düzündə keçiriləcəyinə tam əmin olduğunu bildirmişdir. Tədbirin sonunda TÜRKSOY təşkilatı tərəfindən tədbirdə əməyi keçən şəxslərə mükafatlar və Fəxri Fərmanlar təqdim olunmuşdur.