15-09-2016
2016-cı il 15-16 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş, Qazaxıstan Respublikası Mədəniyyət ve İdman Nazirliyi, Qazaxıstan Respublikası Milli Akademik Kitabxanası, Qazaxıstan Respublikası Milli Kitabxanası və Qazaxıstan Respublikasının 1-ci Prezidentinin Kitabxanasının birgə təşkilatçılığı ilə Kitabxanaçıların Beynəlxalq Konqresi keçirilir. Konqresdə alimlər, ictimai və siyasi xadimlər, şairlər, yazıçılar, kulturoloqlar, naşirlər, kitabxanaçılar iştirak edirlər. İki gün davam edəcək konqresin ilk günü Müstəqillik Sarayında təntənəli açılış mərasimi olmuşdur. Plenar iclası Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri A.Muxamediuli açaraq iştirakçıları və qonaqları salamlamış, iştirakçıları təşəkkürnamə ilə təltif etmişdir. Moderator (tədbirin aparıcısı) fəlsəfə elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki Esim Qarifolla konqresin məqsəd və əhəmiyyətindən danışaraq, bu tədbirin kitabxanaların gələcək innovativ inkişafında, kitaba, mütaliəyə marağın artırılmasındakı mühüm rolunu vurğulamışdır. Konqresin əsas vəzifəsi ictimaiyyətin kitabxanaların inkişafı məsələlərinə, kitaba olan diqqətini artırmaq, elektron informasiya resurslarının formalaşdırılması problemi və onların kitabxana-informasiya müəssisələrində istifadəsi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsidir. Konqres ümumilikdə kitabxana fəaliyyetinin demək olar ki, bütün aktual problem və məsələlərini əhatə edir. Eyni zamanda Müstəqillik Sarayında konqres çərçivəsində qazax xalqının tarixini əks etdirən qədim və qiymətli kitabların, kitabxana layihələrinin və instalyasiyaların da sərgisi keçirilmişdir. Plenar iclasda Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Belorus, Ukrayna, Moldova, İran İslam Respublikası və digər ölkələrdən olan məruzəçilər çıxış etmişlər. Azərbaycan Milli Kitabxanasının Xidmət işləri üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova "Azərbaycan Milli Kitabxanası və XXI əsrin oxucusu" adlı məruzə ilə çıxış etmişdir. Bundan başqa, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr İvanoviç Visliy, Avrasiya Kitabxanalar Assambleyasının (БАЕ) baş direktoru, Rusiya Dövlət Kitabxanasının Rusiya və MDB dövlətləri ilə kitabxanalararası əlaqə şöbəsinin müdiri Qalina Anatolyevna Raykova, İran İslam Respublikasının Arxivlər, Sənədlər və Mərkəzi Kitabxanasının direktoru Atife Nuri və digər ölkə nümayəndələri də məruzə ilə çıxış etmişlər. İclas işini bitirdikdən sonra şəhərin mədəniyyət mərkəzlərinə ekskursiya təşkil edilmişdir (Müstəqillik Sarayı, Qazaxıstan Respublikasının 1-ci Prezidentinin Kitabxanası, Qazaxıstan Respublikası Milli Muzeyi, "Astana opera" adlı Opera ve Balet Teatrı). Konqresin növbəti, sonuncu günü Qazaxıstan Milli Akademik Kitabxanasına ekskursiya, Avrasiya Kitabxanalar Assambleyasının (БАЕ) XIX ümumi yığıncağı, Qazaxıstan Milli Akademik Kitabxanası ilə Avrasiya Kitabxanalar Assambleyasının əməkdaşlıq haqqında memorandumunun imzalanması mərasimi olacaq və konqres öz işini Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasında 5 bölmədə davam etdirəcək: "Müasir dünyada uşaq ədəbiyyatı: mütaliə vasitəsilə dünyanın, dillərin və mədəniyyətlərin dərki", "Biblioqrafiya: vəziyyəti və müasir inkişaf tendensiyaları", "Milli elektron kitabxanalar və dünya informasiya mühiti", "Nadir və qiymətli kitab fondları tarixi yaddaşın mühafizəsinin əsası kimi", "Müasir kitabxanaçı: peşənin gələcəyinə baxış". Bundan başqa, "Bir ölkə-bir kitab" adlı respublika aksiyası, "Dulat Babatayulun əsərləri – 2016-cı ilin kitabı" adlı açıq mühazirələr, eyni zamanda "Abay" Elmi Tədqiqat İnstitutunun, "Abay" adına Qazax Milli Pedaqoji Universitetinin direktoru Jabal Şoyinbet ictimai mühazirə ilə çıxış edəcək, "Abay" Elmi Tədqiqat İnstitutu tərəfindən nəşr edilmiş kitabların, A.S.Puşkin adına Şərqi Qazaxıstan Vilayət Kitabxanasının Abay Kunanbayevlə bağlı portalının təqdimatı keçiriləcəkdir. Sonda konqresin işinə yekun vurularaq nəticələrinin qısa xülasəsi və yekun qərar olacaq, sertifikatlar təqdim ediləcək.