close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “20 oktyabr - Zəngilan şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

19-10-2024

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və daha 6 kəndin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu bəyan edib.

Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla “20 oktyabr - Zəngilan şəhəri günü” elan olunub.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 oktyabr - Zəngilan şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə Zəngilan şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillədə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya