12-08-2024
Avqustun 12-si dünyada “Beynəlxalq Gənclər Günü” kimi qeyd olunur. Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilib. “Azərbaycanda Gənclər Günü” təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust “Beynəlxalq Gənclər Günü” elan edilib. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanun qəbul edib. Eləcə də 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını xeyli artırıb. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında, 2022-ci ildə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında və s. sərəncamlar imzalanıb.
Milli Kitabxananın əməkdaşları tərəfindən bu münasibətlə “12 avqust - Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar tam mətnləri ilə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.