1 avqust 2014-cü il tarixində Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxana rəhbərlərinin iştirakı ilə “1 avqust –Azərbaycan dili və əlifbası günü” münasibəti ilə tədbir keçirildi.
Tədbiri Milli Kitabxananın direktoru K. Tahirov açaraq, bu günun əhəmiyyətindən geniş bəhs etdi. O, tariximizin qızıl səhifələrini yazmış ümummilli liderimiz Heyder Əliyevin Azərbaycan dilinin inkişafı uğrunda göstərdiyi xidmətlərini, məhz Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində hələ Sovet dövründə Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirildiyini qeyd etdi. Müstəqillik qazandıqdan sonra ümummilli liderin səyi nəticəsində Azərbaycan dilinə ana dili statusu verilmişdir. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli Fərmani ilə avqustun 1-i ölkəmizdə “ Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır.
Tədbirin sonunda “1 avqust - Azərbaycan dili və əlifbası günüdür” adlı geniş kitab sərgisi iştirakçıların marağına səbəb olmuşdur. Sərgidə 100-ə yaxın kitab və dövrü mətbuat materialları əks olunmuşdur. Sərgi bir həftə davam edəcəkdir.