close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı tədbir keçirilib

01-08-2024

Azərbaycan Milli Kitabxanasında Milli Kitabxananın, Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin birgə təşkilatçılığı ilə “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq iştirakçıları salamlayıb. Dərin tarixi kökləri olan dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, ana dilimiz milli müstəqilliyin, suverenliyin, Azərbaycan ideologiyasının əsaslarından biridir. Azərbaycan əlifbasının tarixin müxtəlif dövrlərində müəyyən səbəblərdən bir neçə dəfə dəyişikliyə məruz qaldığını, bu gözəl günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar haqqında danışan direktor müavini Ədibə İsmayılova varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyib.

Sovetlər dönəmində yaranmış müəyyən maneələrə baxmayaraq, sarsılmaz milli təməlləri olan Azərbaycan dilinin mövcudluğunu qoruya bildiyini, Cənab Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Leyli Mirzəyeva Azərbaycan əlifbası kimi, dilinin də hərtə­rəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.  Əlavə edib ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olduğunu söyləyib.

Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin sədri Miri Mirəliyev və sədr müavini Nazənin Əlicanlı çıxış edərək Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərindən, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində dilin önəmindən bəhs edib, dilin təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyəti olduğunu vurğulayıblar.

 Tədbirin davamında Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin nümayəndələri Cəmilə Məmmədova Bəxtiyar Vahabzadənin “Ana dili” və Nihad Qurbanov isə Xəlil Rza Ulutürkün “Ana dilim” şeirlərini səsləndiriblər.

Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərginin təqdimatı olub. Milli Kitabxananın əməkdaşı Lalə Ağayeva virtual sərgidə mövzu ilə əlaqədar Azərbaycanın görkəmli şəxslərinin fikirləri, sərəncamlar və fərmanlar, kitablar nümayiş olunduğunu qeyd edib.

Virtual sərgi ilə ətraflı tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm     linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayış olunur.

icon

Foto qalereya