close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir və “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi

23-05-2019

Mayın 23-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir və “İlyas Əfəndiyev – 105” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

İlk olaraq Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş qısa filmin nümayişi keçirildi. 

Daha sonra tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “İlyas Əfəndiyev 105” elektron məlumat bazası ilə tanış oldular.

Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan, Azərbaycanın teatr məktəbinin formalaşmasında yaratdığı əsərləri ilə mühüm rol oynayan  İlyas Əfəndiyevin zəngin yaradıcılığı haqqında geniş söhbət açdı. Professor çıxışında İlyas Əfəndiyevin yazdığı əsərlərin bu gün də öz aktuallığını qoruyub-saxladığını, yeni nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynadığını, onun yaratdığı obrazlardan nümunə götürəcəyini söylədi. Kərim Tahirov İlyas Əfəndiyevin yaratdığı obrazların Azərbaycan xalqının mədəni dəyərlərinə sıx söykənən obrazlar olduğunu, əsərlərinin bu gün də teatr səhnələrində tamaşa qoyulduğunu bildirdi.  Professor çıxışında Milli Kitabxana tərəfindən İlyas Əfəndiyevin yardıcılığına ehtiram olaraq 5 il bundan öncə “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabının tərtib edilərək istifadəçilərə təqdim edildiyini söylədi. 

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev hər bir yazıçının, ədibin xalqın yaddaşında qalmasının, xalqı tərəfindən sevilməsinin olduqca böyük hadisə olduğunu söylədi. Cənab Nazir çıxışında İlyas Əfəndiyevin 105 illliyində Milli Kitabxana tərəfindən “İlyas Əfəndiyev - 105” elektron bazasının yaradılaraq, təqdim olunmasının əlamətdar hadisə olduğunu, müasir düşüncəyə sahib olan gənc nəslə məlumatları, informasiyanı belə elektron məlumat bazalarından təqdim etməyin vacibliyini bildirdi. Əbülfəs Qarayev çıxışında Ulu öndər Heydər Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına yüksək qiymət verdiyini söylədi. 

“İlyas Əfəndiyevin yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının inkişafında xidmətləri böyük olub. Onun bir əsəri Milli Dram Teatrında 500 dəfə səhnəyə qoyulub. Teatrın inkişafına İlyas Əfəndiyevin əsərləri böyük təsir göstərib. O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük vətəndaş, vətənpərvər insan olub. Qarabağ mövzusu onun üçün ağrılı mövzulardan idi. Hər il Milli Dram Teatrı mövsümü onun ““Hökmdar və qızı” əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açıq elan edilir. Bu da bizim teatr ictimaiyyəti tərəfindən onun xatirəsinə göstərilən böyük ehtiramın bir nümunəsidir”, - deyə Əbülfəs Qarayev söyləyib.

Beş il əvvəl görkəmli yazıçının 100 illiyinin keçirməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı xatırladan nazir, İlyas Əfəndiyevin adının hər zaman - bu gün də, sabah da çox böyük iftixar hissi ilə yad ediləcəyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Sovet dövründə yazıb-yaratmış, lakin əsərlərinin  Sovet ideologiyasına xidmət etməyən ədəbiyyatı sırasında İ.Əfəndiyevin adının xüsusi qeyd olunduğunu söylədi. Xalq yazıçısı Anar İlyas Əfəndiyevin həm nəsr, həm teatr sahəsində daha çox inkişaf etdiyini, nəsrin parlaq nümunələrini yaratdığı qeyd edərək Sovet və müstəqillik illərində yaratdığı əsərlərin Azərbaycan ədəbiyyatının daim qızıl fondunda qalacağını vurğuladı. 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov çıxışında ədəbiyyata nəsrlə gələn Xalq yazıçısının əsərlərindəki adların Azərbaycan dilinin leksikonunda terminə çevrldiyini qeyd etdi. Akademik bildirdi ki, xalqın içindən gəlməyərək ədəbiyyatın yaranmasının mümkün olmadığını, məhs İlyas Əfəndiyevin yaradıcılığındakı milli koloritin formalaşdığı, Qarabağ mühitinin, etnoqrafiyasını mükəmməl şəkildə ifadəsinin öz əksini tapdığını söylədi. Nizami Cəfərov İlyas Əfəndiyevin yaradıcılığında zəngin nəsr əsərləri ilə yanaşı publisistikanın da geniş yer tutduğunu vurğuladı. Nizami Cəfərov onu da qeyd etdi ki, İlyas Əfəndiyev müstəqil Azərbaycan Respublikasında yazıçılar arasında ilk "Şöhrət" ordeni alan şəxsiyyətlərdən biridir.

Əməkdar elm xadimi, prof. Qəzənfər Paşayev çıxış edərək xalqımıza zəngin ədəbi irsi ilə xidmət etmiş İlyas Əfəndiyevin XX əsr Azərbaycan ədəbiyyatının çiçəkləndiyi bir dövrdə yazıb-yaratdığını, əsərlərində lirik-romantik lövhələrin əks olunduğunu söylədi.

Əməkdar incəsənət xadimi, prof. Məryəm Əlizadə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, prof. Şirindil Alışanlı, Azərbaycan Respublikasının Xalq artisti Firəngiz Mütəllibova, tənqidçi-publisist Əsəd Cahangir çıxış edərək İlyas Əfəndiyevin zəngin yaradıcılığından geniş söhbət açdılar.

Sonda Xalq yazıçısı Elçin ailə adından çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, çıxışçılara öz dərin minnətdarlığını bildirdi. Xalq yazıçısı Elçin çıxışında İlyas Əfəndiyevin vəfatından 23 il ötməsinə baxmayaraq, bu illər ərzində həmişə oxucuları ilə bir yerdə olduğunu,  əsərlərinin 90%-ni Sovet dövründə yazsa da, ideologiyaya deyil, ədəbiyyata xidmət edən yazıçı olduğunu söylədi.