26-02-2025
26 fevral tarixində Milli Kitabxanada Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar “Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisinin açılış mərasimi keçirilib.
İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən fəlakətli, ən dəhşətli və acınacaqlı səhifələrindən biridir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, elektron məlumat bazası və virtual sərgilər, eləcə də kitab təqdimatları keçirir. Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən direktor müavini Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Xocalı soyqırımımın 33 illiyinə həsr edilmiş elektron məlumat bazası haqqında məlumat verib.
Qeyd edək ki, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”; “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırım haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron Məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.
“Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisində isə Xocalı soyqırımı, erməni qəsbkarlığının qanlı fəsadları, Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, Xocalıda şəhid olmuş və eləcə də ermənilər tərəfindən əsir götürülmüş, itkin düşmüş şəxslər barədə, Xocalı sakinlərinin taleyindən, erməni vandalizmindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.