01-03-2025
Milli Kitabxanada “Şair, tərcüməçi Dilsuz Mustafayev” və Professor Zeydulla Ağayev” adlı ənənəvi kitab sərgiləri açılıb.
Sərgidə şair, tərcüməçi Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri, redaktor olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları, professor Zeydulla Ağayevin isə əsərləri, tərtib və tərcümələri, ön söz yazdığı, redaktoru olduğu, rəy verdiyi kitablar, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, şair, tərcüməçi Dilsuz Murtaza oğlu Mustafayev (Dilsuz) 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Bədii yaradıcılığa 70-ci illərdən başlayıb. Dilsuzun yaradıcılığı poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrini əhatə edir. O, eyni zamanda çox sayda bədii, publisistik əsərlərə redaktorluq edib, rejissor, ssenarist kimi də fəaliyyət göstərib. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verən Dilsuzun şeirləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Sözlərinə musiqilər bəstələnib. Dilsuz müstəqillik dövrü uşaq ədəbiyyatının inkişafında müstəsna rol oynayıb, bənzərsiz nümunələr yaradıb. O, uşaqlar üçün 80-dən çox nağıl yazıb, mövcud nağılları yenidən işləyib, necə deyərlər, milliləşdirərək nəşr etdirib.
Azərbaycan filoloq alimi, tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev 2 mart 1945-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin institutda başlayıb, ali məktəbin “Bilik” qəzetinin redaktoru olub. Zeydulla Ağayev həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə tanınıb. Azərbaycan oxucusu onun tərcüməsində Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin və başqalarının roman, povest və hekayələri ilə tanış olub. Zeydulla Ağayevin 1990-cı ildə nəşr etdirdiyi müasir Amerika yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımız tarixində birbaşa ingilis dilindən tərcümə edilmiş ilk romandır. Zeydulla Ağayev “Müasir Azərbaycan nəsri”ni ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından biridir. Zeydulla Ağayev bir sıra nəsr kitablarının -“Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. müəllifidir.
Sərgi bir həftə davam edəcək.