close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib

05-11-2022

Noyabrın 5-də Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, bu günlərdə ölkəmizdə tarixi Zəfərimizin ildönümü ərəfəsində çoxsayılı tədbirlər keçirilir. 8 Noyabr tarixi Azərbaycan üçün çox əhəmiyyətli bir gün – Zəfər Günüdür. Qarabağa qovuşduğumuz tarixi gün – Böyük Qələbə Günüdür! Milli Kitabxana olaraq biz də bir neçə gün öncə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin ildönümünə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr olunmuş tədbir keçirdik. O, qeyd edib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Direktor vurğulayıb ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu Qələbə ilə Azərbaycan öz adını nəinki ölkə hərb tarixinə, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. O, vurğulayıb ki, heç bir zəfər, azadlıq qansız başa gəlmir. Çox təəssüflər olsun ki, bizim də Zəfər müharibəmizdə çoxsaylı cəsur övladlarımız şəhid oldu. Onların əziz xatirəsini biz heç vaxt unutmayacağıq.          Direktor bildirib ki, biz Böyük Qələbəni Prezident İlham Əliyevin prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi, məqsədyönlü, ardıcıl siyasət aparması nəticəsində əldə etdik. Bu tarixi Zəfərimiz haqqında çoxsaylı kitablar yazılıb və yazılacaqdır, bizim də borcumuz həmin kitabları təbliğ etməkdir.

Çıxışının sonunda K.Tahirov qeyd edib ki, cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi: “bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra da qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”.

Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı, “Xəqani 57” ərazi partiya təşkilatının sədri Ədibə İsmayılova çıxış edərək bildirib ki, 8 Noyabr tarixi Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir. Biz həmin tarixdə uzun illərdən bəri gözlədiyimiz tarixi Qələbəni qazanmışıq. Direktor müavini qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. Çıxışının sonunda o, bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır, ona görə ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri və İlham Əliyev kimi Ali Baş Komandanı var.

Tədbirin davamında kitabxananın İnformasiya-Axtarış sistemləri ilə iş  şöbəsinin müdiri Səyyarə Məmmədli müəllifi olduğu Zəfər Gününə həsr olunmuş şeirini səsləndirdi.

Sonda iştirakçılar “Zəfər Günün Mübarək Azərbaycan!” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə 44 gün davam edən II Qarabağa müharibəsini, Zəfər tarixini özündə əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunub.

icon

Foto qalereya