close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

01-11-2022

Noyabrın 1-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin ildönümünə həsr olunmuş və Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə nəşr etdiyi “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları və iştirakçıları salamlayıb, 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş kitabda hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunduğunu, kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində nəşr edildiyini, həmçinin digər xarici dillərdə də çap edilməsinin qərara alındığını söyləyib. Natiq kitabın ərsəyə gəlməsinə görə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, il ərzində Mədəniyyət Nazirliyi ilə birgə iştirak edilən 10-dan çox beynəlxalq sərgilərdə təbliğat məqsədilə bu kitabın da nümayiş etdiriləcəyini, kitabxananın ehtiyat fondu vasitəsilə, həmçinin elektron versiyasının isə tam mətninin sayt vasitəsilə dünya oxucusuna çatdırılacağını diqqətə çatdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri Eldar Əzizov çıxış edərək bildirib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biridir. Kitab müharibənin əvvəlindən bu günədək olan bütün mərhələləri əhatə edir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, onun səbəbləri, Vətən müharibəsindəki Qələbə kitabın hazırlanması prosesində iştirakçılar tərəfindən ətraflı araşdırılıb.

Eldar Əzizov proses iştirakçılarının özləri tərəfindən birbaşa yazılan bu kitabın şüarsız, emosiyasız reallığı oxuculara çatdırdığını, elmi-populyar xarakterli əsərin ingilis dili versiyasının da artıq hazır olduğunu söyləyib.

Natiq Vətən müharibəsində qazanılan Şanlı Qələbənin ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunduğunu qeyd edib, ötən ay Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin İlham Əliyevi lider, ağsaqqal adlandırdığını, bunun isə ölkə rəhbərinin dünyada artan nüfuzunun göstəricisi olduğunu diqqətə çatdırıb.

“Biz bu dövrün müasirləri olaraq müharibə həqiqətlərini təhlil etməli və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının hazırlanması ideyası meydana gəldi və bu gün həmin kitab geniş ictimaiyyətə təqdim olunur”, - deyə o bildirib.

O, bildirib ki, geniş auditoriya üçün nəzərdə tutulan kitab dövlət qurumları, ali və orta təhsil müəssisələrinə, kitabxanalara, Azərbaycanın aparıcı informasiya vasitələrinə təqdim olunub. Yəqin ki, bu ölkələrdə yaşayan ermənilər də bu kitab vasitəsi ilə İkinci Qarabağ  müharibəsi həqiqətlərini öyrənəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli çıxışında çoxəsrlik tariximizə baxsaq Qarabağ zəfərinin analoqunun olmadığını, cənab prezidentin bu tarixi zəfərlə Azərbaycan tarixinə adını yazdırdığını söyləyib, zəfərin xalqımız üçün milli qürur mənbəyi olduğunu bildirib, qələbənin tam qiymətini verən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. O, kitabı 44 günlük müharibəni əks etdirən birinci monoqrafik tədqiqat əsəri adlandıraraq kitabda müharibəyə sadəcə müharibə kimi baxılmadığını, həmçinin müharibənin ermənilərin ərazi iddiaları fonunda qiymətləndirildiyini vurğulayıb. Natiq qeyd edib ki, Qarabağ zəfəri haqqında birinci elmi salnamə olan bu kitabda Ulu Öndərin Qarabağ probleminin həlli üçün qurduğu strategiya, ordu quruculuğu qiymətləndirilib, kitabın müəlliflərinin cənab prezidentin fəaliyyətinə analitik yanaşması, şəkillər və sənədlərlə hadisə və proseslər elmi şəkildə  mükəmməl açılıb, xalqın birliyi sayəsində müharibənin qələbə ilə nəticələnməsi məsələsi əsaslandırılaraq verilib. O, A.A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatçı alimlərinə böyük minnətdarlığını bildirib, kitabın gələcəkdə yaranacaq yeni əsərlər üçün əsaslı mənbə rolu oynayacağını vurğulayıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli nazirlik tərəfindən vətənpərvərlik mövzusunda müsabiqələrinin təşkil edildiyini, yeni əsərlərin meydana gəldiyini, habelə müzakirəsi keçirilən bu kitabın çoxdilli nəşrinin onun təbliği istiqamətində xüsusi əhəmiyyətli olduğunu söyləyib, ilin sonunda Türkiyədə keçiriləcək beynəlxalq sərgidə və digər beynəlxalq sərgilərdə nümayiş olunacağını bildirib, əməyi keçənlərə qiymətli əsərə görə təşəkkür edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü Musa Qasımlı güclü dövlətimizin rəhbərinin uzaqgörənliyi sayəsində qazanılan qələbəni əks etdirən kitabı təkcə bu günün deyil, gələcəyin kitabı adlandırıb, layihənin təşəbbüskarlarına və müəlliflərinə minnətdarlığını bildirib.

Kitabın elmi redaktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov layihə rəhbərinin öz çıxışında kitabın konsepsiyasını obyektiv şəkildə şərh etdiyini söyləyib, 44 günlük müharibəni Azərbaycan hərb sənətinin təntənəsi adlandırıb, fundamental konsepsiya əsasında qurulan əsərin baş qəhrəmanı və əsas müəllifinin həm dövlət başçısı, həm də baş komandanımız cənab prezident olduğunu bildirib.

Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabın ərsəyə gəlməsi, plan-prospektin hazırlanması zamanı bitkin bir konseptual yanaşmanın ortaya qoyulduğunu,  kitabın geniş oxucu kütləsinə və gənclərə ünvanlanmasının nəzərə alındığını, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında kitabın vacibliyini vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov bu kitabın tələbələr və gənclər üçün xüsusi əhəmiyyətini qeyd edərək, hörmətli cənab Prezidentimizin tarixi Zəfərin qazanılmasındakı mühüm rolunun işıqlandırılması bu kitabın gələcək nəsillər üçün bir örnək kimi qiymətli olmasına diqqəti çəkib, universitet tələbələri arasında onun daha geniş təbliği məqsədilə tədbirlərin görülməsini vacib hesab edib.

Digər çıxışçılar Vətən müharibəsində Zəfər dövlətimizin başçısının intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində qazanıldığını, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində ölkədə güclü iqtisadiyyat və bu iqtisadiyyat əsasında qüdrətli ordunun yaradıldığını, kitabın Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.

Tədbir zamanı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü Şanlı Tariximizdir” (http://anl.az/el/emb/Zefer_gunu/index.html) adlı Elektron məlumat bazası iştirakçılara təqdim olunub. Bildirilib ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin davamında Milli Məclisin deputatı Aydın Mirzəzadə; Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin Sədr müavini Rəşad Məcid; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, BDU-nun tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov və digərləri çıxış ediblər.

icon

Foto qalereya