close
icon E-kataloq və kitabxana

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran və Venesuelalı şairə xanım Ana Maria Oviedo Palomares Azərbaycan Milli Kitabxanasının qonağı olub

05-10-2024

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran və Venesuelalı şairə xanım Ana Maria Oviedo Palomares Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Direktor Milli Kitabxananın Argentinanın, Kolumbiyanın səfirlikləri ilə çox sıx əlaqədə işlədiyini bundan sonra isə Venesuela səfirliyi ilə də sıx qarşılıqlı  əlaqədə işləyəcəklərini bildirib. Əlavə edib ki, iki ölkə arasında qarşılıqlı əlaqələr inkişaf etməlidir.  Xalqları   bir-birinə ən gözəl tanıdan onun ədəbiyyatdır. Ədəbiyyatda mədəniyyət, tarix, coğrafiya, məişət hər bir sahə öz əksini tapır. Xalqları tanımaq üçün onun ən görkəmli yazıçılarının əsərlərini oxumaq lazım olduğunu bildirib. İnanıram ki,  xanım Ana Marianın Azərbaycan dilinə tərcümə olunan kitabını oxuduqda Venesuelanın ədəbiyyatı və mədəniyyəti ilə də tanış ola bilərik. Çünki kitab elə ölkənin, xalqların tanıdılması  üçün ən yaxşı vasitədir. Milli Kitabxananın bir sıra ispan dilli ölkələrlə əlaqədə olduğunu və  44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” adlı  kitabın ispan dilinə tərcümə olunaraq  ispan dilli ölkələrə  göndərildiyini qeyd edib. Xanım Ana Mariyanın  Milli Kitabxanaya gəlişinin iki ölkənin kitabxanaları arasında əlaqələrin qurulmasına vəsilə olacağına inandığını bildirib. Gələcəkdə ədəbiyyat guşəsinin həm Azərbaycanda, həm  də Venesuelada açılacağına ümid etdiyini deyib.

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova görüş üçün təşəkkür edib. Bu səfərin vacibliyini, xüsusilə isə Venesuelanın şairə xanımı Ana Marianın bu səfərdə iştirakının əhəmiyyətinin böyük olduğunu, belə görüşlərin ölkələr və xalqları birləşdirməyə bir fürsət yaratdığını söyləyib. Xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsində ədəbiyyatın bir vasitə olduğunu  bu səbəbdən də  görüşün vacibliyini vurğulayıb. Əlavə edib ki,  bu günə qədər ən əhəmiyyətli nailiyyətlərdən biri ilk olaraq Venesuela şairlərinin şeirlər toplusunun Azərbaycan dilinə tərcümə olunmasıdır. Əsas məqsədin bu istiqamətdə işləmək olduğunu və gələcəkdə daha çox sayda kitablar tərcümə olunacağını və kitabxana vasitəsilə bu kitabların Azərbaycan oxucularına çatdırılacağını deyib. Kitablar vasitəsilə Azərbaycan oxucusunun Venesuelanın mədəniyyəti,  tarixi və Venesuelanın dövlət olaraq necə yaranması ilə tanış ola biləcəklərini söyləyib. Eyni zamanda  Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğini  Venesuelada da həyata keçiriləcəyini əlavə edib. “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının çox maraqlı   olduğunu  və bugünkü Azərbaycan reallıqlarını əks etdirdiyini,  Azərbaycan tarixini bir daha aktual şəkildə nəzərdən keçirməyə imkan verdiyini bildirib.

Venesuelalı şairə xanım Ana Maria Oviedo Palomares Azərbaycan dilinə tərcümə edilən kitabı üçün təşəkkürünü bildirib. Ədəbiyyatın xalqların mədəniyyətini, tarixini öyrənmək baxmından önəmli olduğunu vurğulayıb.

Daha sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.  Azərbaycan Milli  Kitabxanasını xüsusilə də “Nadir Kitablar və Kitabxana Muzeyi şöbəsi”ni, “Xarici Ədəbiyyat və Beynəlxalq Kitab Mübadiləsi şöbəsi”ni, Milli Kitabxananın nəzdində yaradılan “Açıq Kitabxana”- Sərbəst mütaliə bölməsini”, “Uşaq bölməsi və uşaq istirahət guşəsi“ni çox bəyəndiklərini bildiriblər. Venesuellalı şairə xanım Ana Maria Oviedo Palomares avtoqraflı “El reino de los sauces” (Söyüdlərin krallığı) adlı kitabını Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova hədiyyə edib.

Sonda qonaqlara “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası” və “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” (ispan dilində tərcüməsi) hədiyyə edilib.

icon

Foto qalereya