18-09-2020
Sentyabrın 18-i Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin 135 illiyi tamam olur. Dahi Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri olmuşdur.
Hər il sentyabr ayının 18-i “Üzeyir musiqi günü” kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli: Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatlar”, “Fotoqalereya”, “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor əsərləri, orkestr əsərləri, kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında və əsərlərinə çəkilən filmlər verilib. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.