close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

08-11-2022

8 Noyabr – Şuşa şəhərinin işğaldan azad olunduğu gün kimi qeyd olunur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan adını Zəfər tariximizə qızıl hərflərlə yazdırdı.

1992-ci il 8 mayda itirdiyimiz Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə geri qaytarıldı.

Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür.

 Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi.

Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Şuşa haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, fotolar, 44 günlük Vətən müharibəsi, Şuşanın tarixi, mədəniyyəti və s. haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.  

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_bizimdir_Garabakh_Azerbaycandir/index.htm linkindən istifadə edə bilərlər.