11-06-2022
Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir. Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi hazırlanıb. Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatları ilə də zəngindir.
XVIII əsrdən başlayaraq Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olub. XX əsrin əvvəllərində isə bu sənət öz inkişafında ən yüksək zirvəyə çatıb. Həmin dövrdə, Şuşada zərgərliyin qəlibkarlıq üsulu daha geniş yayılmışdı. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər. Şuşa zərgərləri özlərinin gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə tanıtmışlar.
Təqdim olunan virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm linkindən istifadə edə bilərlər.