close
icon E-kataloq və kitabxana

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Milli Kitabxanasında olub

28-02-2025

28 fevral tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli (Essam Bin Saleh Algetale) Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Direktor iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışıb.  Qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı ərəb dünyasının ən böyük ölkələrindən biridir və bu ölkə ilə yaxın dostluq əlaqələrinin qurulması, eyni zamanada bu əlaqələrin kitabxanalar arasında da davam etdirilməsi bizim üçün çox vacibdir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də əlaqələrimizdən bəhs edən direktor prof. Kərim Tahirov İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini vurğulayıb. 5 milyona yaxın  kitab fondu olan  Azərbaycan Milli Kitabxanasının ölkənin ən böyük və yeganə Milli Kitabxanası olaraq Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən və ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyalarını yerinə yetirdiyini bildirib. Əlavə edib ki, 2023-cü ildə 100 illik yubileyinin qeyd edən Azərbaycan Milli Kitabxanası dünyanın 90-dan artıq Milli Kitabxanaları ilə kitab mübadiləsi edir. Hörmətli cənab Prezidentin göstərişi ilə Azərbaycanın geniş təbliğ olunması üçün ərəb dilində kifayət qədər  materialların çap olunduğunu eyni zamanda  Dahi Azərbaycan şairi Nizami Gəncəvi,  Şuşa şəhərinin bugünkü vəziyyəti haqqında, klassik Azərbaycan ədəbiyyatı yazıçısı Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” kitabının 4 dildə həmçinin ərəb dilində çap olunaraq bütün ərəb dilli ölkələrə göndərilir. Ərəb dilli ölkələrin Milli Kitabxanaları ilə eləcə də Səudiyyə Ərəbistanı Krallığının Milli Kitabxanası ilə sıx əlaqələrin qurulması bizim üçün strateji bir məsələdir və cənab səfirin gəlişi bu əlaqələrin yaranmasında mühüm rol oynayacaqdır. 

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını  Ramazan  ayının gəlişi münasibətilə təbrik edib. Azərbaycanla Səudiyyə Ərəbistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Əlavə edib ki, Səudiyyə Ərəbistanı  Azərbaycanı ilk tanıyan və dəstəkləyən ölkələrdən biridir. Eyni zamanda Azərbaycan da bütün mövqeylərdə  Səudiyyə Ərəbistanı  dəstəkləyir. İki ölkə arasında olan bu əlaqələrin mədəniyyət sahəsində də yaradılması qarşıda duran vacib məsələlərdən biridir. Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnunluğunu qeyd edən cənab səfir burda olmağın əsas səbəbinin Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd adına Milli Kitabxanası, həmçinin Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının “Səudiyyə Ərəbistanı Mərkəzi” arasında körpü yaratmaqdan ibarət olduğunu vurğulayıb. Hal-hazırda Azərbaycanda ərəb dili tədris edən 6 universitetin olduğunu il ərzində 250-ə yaxın tələbə məzun olduğunu və həmin tələbələrin Azərbaycan Milli Kitabxanasından istifadə edə biləcəyini bildirib. Eləcə də Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd adına Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin yaradıla biləcəyini qeyd edib.

Direktor prof. Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının dünyanın 54 ölkəsi ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzaladığını, bunların içərsində ərəb dilli ölkələrin də olduğunu bildirib. Azərbaycan Milli Kitabxanasının Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd adına Milli Kitabxanası ilə də qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalamağa hazır olduğunu bildirib. Hər iki ölkənin Milli Kitabxanalarında  ədəbiyyat guşələrinin yaradılması ölkələr arasında əlaqələrin möhkəmlənməsinə və ədəbiyyatın, mədəniyyətin,  milli-mənəvi dəyərlərinin öyrənilməsinə böyük təkan olacağını vurğulayıb.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor prof Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, ərəb dilində “Şuşa Zirvədən Uca”, “Dahi Azərbaycan şairi Nizami Gənvəvi”, Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” kitabını  və Azərbaycan xəritəsini, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli isə Ərəbcə-azərbaycanca lüğət II cilddə, Qeyri-ərəb dillilər üçün ərəb dili mədəniyyəti bələdçisi və s. kitablarını Milli Kitabxananın fonduna hədiyyə edib.

icon

Foto qalereya