19-05-2022
Mayın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Vurğulayıb ki, bu gün çox gözəl bir məclisə – Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının uzun yaradıcılıq yoluna həsr edilən Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı “Sabir Rüstəmxanlı” biblioqrafiya kitabının, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunun yeni nəşr etdiyi “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanın təqdimatına toplaşmışıq. Direktor vurğulayıb ki, Sabir Rüstəmxanlı Milli Azadlıq hərakatının önündə gedən ziyalılarımızdandır. Kərim Tahirov Sabir Rüstəmxanlının geniş yaradıcılıq yolundan bəhs edərək qeyd edib ki, o, bütün duyğularını, azadlıq arzularını, vətəndaşlıq borcunu, xalqının taleyindən nigaranlığını öz əsərlərində qeydə alıb. Tərtib edilmiş biblioqrafik göstərici haqqında məlumat verən direktor vurğulayıb ki, bu vəsait yazıçı haqqında ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Sabir Rüstəmxanlının kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən bütün nəşrlər toplanmışdır. Vəsaitdə şairin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapmışdır.
Çıxışının sonunda sabah dəyərli ziyalı Sabir Rüstəmxanlının doğum günü olduğunu vurğulayan direktor ona uzunömür, yeni yaradıcılıq uğurları, gözəl həyat arzulayıb.
Giriş sözü ilə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ilk öncə bu gün Sabir Rüstəmxanlının ömür yoluna həsr edilən belə tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya, şəxsən Kərim müəllimə öz təşəkkürünü bildirib. Akademik vurğulayıb ki, Sabir Rüstəmxanlının yubileyi münasibətilə Nizami adına Ədəbiyyat İnstitutu da “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanı nəşr etdirib. Qeyd edib ki, Sabir Rüstəmxanlı bütün oxucu kütləsinin etibarını qazanan bir sənətkardır. Vətəndaşlıq poeziyası, milli istiqlal ruhu, müstəqillik ideyaları, dövlətçilik onun yaradıcılığının əsas ana xəttini təşkil edir. Akademik çıxışında bildirib ki, mən fəxrlə deyə bilərəm ki, Sabir Rüstəmxanlı Azərbaycanın milli istiqlal mübarizəsinə çox böyük töhfələr vermişdir. O, həm şair, həm də millət vəkili kimi fəaliyyət göstərərək şair ideyaları ilə siyasi ideyalarını birləşdirib. Bu gün də Sabir Rüstəmxanlı hər iki cəbhədə – həm ədəbiyyatda, həm də siyasi müstəvidə öz fəaliyyətini uğurla davam etdirməkdədir. Çıxışı zamanı akademik İ.Həbibbəyli Milli Kitabxananın nəşri olan “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının məzmunundan, mövzu əhatəliliyindən, eləcə də onun həcminin böyüklüyü barədə danışıb. Və sonda o, Sabir Rüstəmxanlını ad günü müansibətilə ilə təbrik edib.
AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas, professor Tehran Əlişanoğlu çıxış edərək biblioqrafiyaların tədqiqatçılar üçün əhəmiyyətli nəşr olduğunu vurğulayıb. Qeyd edib ki, bir neçə il öncə ən qədim dövrlərdən müasir dövrümüzə qədər Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinin həyat və yaradıcılığına həsr olunan monoqrafiyaların, kitabların yazılması işini planlaşdırdıq. Və bu silsilədən – mütəqillik dövrü Azərbaycan ədəbiyyatı – ilk monoqrafiyamız müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq şairi Sabir Rüstəmxanlıya həsr olunub. Monoqrafiya barədə məlumat verən T.Əlişanoğlu bildirib ki, kitabda Sabir Rüstəmxanlının həyat və yaradıcılığını tam əhatə etməyə çalışmışıq.
Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli çıxış edərək Sabir Rüstəmxanlı haqqında belə gözəl tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, Sabir Rüstəmxanlı yaradıcılığını 3 dövrə bölmək olar. Birinci mərhələ 70-ci illəri əhatə edir ki, bu mərhələdə Sabir Rüstəmxanlının şairlik keyfiyyətləri ortaya çıxır. İkinci mərhələ şairin yaradıcılığında yeni mərhələ hesab edlə bilər. Bu mərhələdə onun yaradıcılığının yeni xüsusiyyətləri “Gəncə qapısı”, “Qan yaddaşı”, “Sağ ol, ana dilim” kimi əsərlərdə əks olunur. Və ən nəhayət üçüncü mərhələdə o, Azərbaycan türk poeziyasının atəş xəttinin önünə keçir. Bildirib ki, Sabir Rüstəmxanlı daim bəşəri ideyalarla yaşayıb-yaradıb, ürəyi daima xalqı, milləti üçün döyünüb.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Yazıçılar Birliyi adından Sabir Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib. Çıxışı zamanı o, Sabir Rüstəmxanlının ictimai fəaliyyətindən, cəsarətli çıxışlarından və onunla bağlı olan xatirələrdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan ədəbiyyatında dörd Xalq şairi vardır ki, onlardan da biri məhz Sabir Rüstəmxanlıdır. 44 günlük Vətən müharibəsindən, əsgərlərimizin hünərindən bəhs edən Ç.Abdullayev bildirib ki, onlar vətən sevgisini, vətənə bağlılığı məhz bizi kimi yazıçı və şairlərimizin əsərlərindən alıblar.
Tədbirin davamında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud; Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev; şair Məmməd İsmayıl; Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Millət vəkili Nizami Cəfərov; "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov və s. çıxış ediblər.
Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edən hər kəsə, təşkilatçılara Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, şəxsən Kərim Tahirova öz təşəkkürünü bildirib. Və biblioqrafiya, onun bölmələri, əhatə genişliyindən bəhs edərək əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
Sonda iştirakçılar Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.