Oktyabr ayının 19-da Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana ilə birgə şair-dramaturq Ramiq Muxtarın “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimini keçirmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq, iştirakçıları salamlamış, şair, publisist, dramaturq Ramiq Muxtarın yaradıcılığından söz açmışdır.
Çıxışçılar – şair Oqtay Rza, şair, publisist Ramiz Məmmədzadə, iqtisadçı Taleh Ələkbərli, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsində çalışmış Həmid Cəfərov, Yaşıl Teatrın rejissoru Məmməd Hümbətov, elmlər namizədi Əlizamin Rəsulov, jurnalist Telman Quliyev və b. çıxış edərək Ramiq Muxtar barədə ürək sözlərini paylaşmış, onun çox sadə, zəhmətkeş, təvazökar bir insan olduğunu söyləmişlər. Ailəsi adından çıxış edən Həqiqə Məmmədova şairin çox yaxşı ailə başçısı, ağsaqqal olduğunu bildirmişdir.
Sonda şair çıxış edərək tədbirin keçirilməsinə görə Milli Kitabxananın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirmiş, tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkür etmişdir.
Tədbir iştirakçıları şairin yaradıcılığını özündə əks etdirən sərgi ilə tanış oldular.