close
icon E-kataloq və kitabxana

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub

06-04-2022

Aprelin 6-da Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub. Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları qəbul edərək onları Azərbaycan Milli Kitabxanasında görməkdən şad olduğunu bildirib.

Söhbət zamanı cənab Serzhan Abdıkarimov da Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, çox sevindirici haldır ki, pandemiya təhlükəsi artıq aradan qalxır. O, Qazaxıstanda  yaranan sosial-siyasi situasiyalardan danışaraq bildirib ki, çox şükür hal-hazırda hər şey öz vəziyyətinə qayıdıb. Səfir eyni zamanda Şuşaya səfər etdiyini və oradakı vəziyyətlə tanış olduğunu qeyd edib. Vurğulayıb ki, Şuşa səfərindən sonra o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına qoşulmağı qərara alıb. Və bu məqsədlə, qazax ədəbiyyatına dair 522-dən artıq kitabı Qarabağ fonduna hədiyyə edib. Qeyd edib ki, inanıram ki, tezliklə təqdim olunan kitablar Qarabağ kitabxanalarında öz layiqli yerini tutacaqdır.

Sonra professor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında ümumi məlumat verərək kitabxanada ötən il ərzində keçirilən layihələrdən bəhs edib. O, bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələr genişlənir. Bizim üçün çox sevindirici haldır ki, Qazaxıstanın Azərbaycan Respublikasındakı səfirliyi “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına qoşulub. O, erməni işğalından azad olunan rayonların ərazisində fəaliyyət göstərən 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondlarının isə tamamilə yandırıldığını vurğulayıb. Və işğaldan azad olunan rayonların mərkəzi kitabxanalarının və Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatına – İFLA-ya  müraciət edildiyini bildirib. Qazanılan tarixi Qələbədən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana kitabtoplama kampaniyasına başladı. Direktor layihəyə xeyli sayda ziyalılarımızın, yazıçı və şairlərimizin, nəşriyyatlarımızın və bütün ölkə vətəndaşlarının qoşulduğunu cənab Səfirin diqqətinə çatdırıb. Görüş zamanı Milli Kitabxana ilə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə layihəsi olan qazax yazarlarının azərbaycan dilində əsərlərinin elektron bazasının yaradılması məsələsi də müzakirə olunub.

Görüşün sonunda xatirə şəkli çəkilib.

icon

Foto qalereya