Oktyabr ayının 23-də Pakistanlı müəllif Münəvvər Əhməd Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qarşılamışdır. Ölkəmizə daha əvvəl də bir neçə dəfə gəldiyini qeyd edən Münəvvər Əhməd Bakını çox sevdiyini vurğulamış, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusilə qeyd etmişdir.
Münəvvər Əhməd daha əvvəlki gəlişi zamanı müəllifi olduğu uşaq şeirlərindən ibarət kitabı Milli Kitabxanaya hədiyyə etdiyini bildirmişdir. Bu dəfəki gəlişində isə Azərbaycan və Urdu dillərində ortaq işlənən sözlərdən ibarət olan “Urdu Azerbaijani common heritage” adlı yeni kitabını Milli Kitabxananın fonduna hədiyyə etmək istədiyini qeyd etmişdir. Kitabın Pakistanda çox sevildiyini və hər iki ölkə üzrə bu mövzuda kitab yazan ilk şəxs olduğunu bildirən müəllif kitabın bir nüsxəsini Milli Kitabxananın direktoru Kərim Tahirova hədiyyə etmişdir. Kərim Tahirov qonağa öz təşəkkürün bildirmiş və bu kitabın Milli kitabxananın fondunda öz layiqli yerini tutacağını qeyd etmişdir. Direktor Kərim Tahirov həmçinin Milli Kitabxana haqqında 3 dildə çap olunmuş “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitabını və Bakının simvolu olan Qız Qalası suvenirini qonağa hədiyyə etmişdir.
Sonda müəllif yaxın zamanda ingilis dilində çap olunması nəzərdə tutulan yeni kitabını da Milli Kitabxanaya hədiyyə edəcəyini bildirmişdir.
Görüşün sonunda qonaqla birgə xatirə şəkli çəkilmişdir.