close
icon E-kataloq və kitabxana

Müstəqilliyin gücləndirilməsi - dövlət siyasətinin ideoloji təməlidir

04-05-2022

Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir.

Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Öz əməlləri ilə mənsub olduğu xalqın taleyini, tarixini dəyişdirmiş, milli kimliyini qürur və fəxarət mənbəyinə çevirmiş şəxsiyyətlər xalqının milli yaddaşında əbədiyaşarlıq hüququ qazanmışdır. Bu gün müstəqil kimliyi və öz dövləti ilə dünya səhnəsində yer alan xalqların taleyini də məhz belə tarixi şəxsiyyətlər müəyyənləşdirmişdir. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə imza atmış şəxsiyyət və böyük lider isə şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, bu gün Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması respublikamızın tarixində yeni dövrün başlanğıcını qoydu. Həmin tarixdən xalqımız özünün 71 il əvvəl itirilmiş azadlığına yenidən qovuşdu, Azərbaycanın müstəqil dövlət olması bütün dünyaya bəyan edildi. Lakin digər respublikalardan fərqli olaraq, Azərbaycanı müstəqilliyə aparan yolllar hamar olmadı. Xalqımız bu yolda çox qurbanlar verdi, çox əziyyətlər çəkdi. Ona görə bu azadlıq ən uca milli qürur mənbəyi kimi bizim üçün əvəzsiz bir dəyərdir.

Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük coşqu və sevinclə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid edilməsinə səbəb oldular. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun siyasi hakimiyyətə gəlişi ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi aradan qalxdı.

1991-ci ildən 1993-cü ilin iyun ayına qədər cərəyan edən proseslər göstərdi ki, müstəqilliyi qorumaq onu bərpa etməkdən daha çətin imiş. Əgər Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 18 aya nəinki müstəqilliyini, bütövlükdə, dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı bacardı. Ulu Öndərin adı isə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə həkk olundu, xalqımızın Ümummilli Liderinə çevrildi.

 Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bunun fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bunu təkcə biz yox, beynəlxalq reytinq təşkilatları da açıqladıqları hesabatlarda qeyd edirlər. Azərbaycanın bölgənin lideri olması, tam müstəqil siyasət həyata keçirməsi, ərazisində heç bir dövlətin hərbi kontingentinin olmaması, böyük güclərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi, son illərdə kosmik klubun üzvləri sırasına daxil olması bu qüdrətin ayrı-ayrı möhtəşəm tərəfləridir. Bir neçə il əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də müstəqilliyin və müstəqil siyasətin nəticəsi idi.

Müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan  hədəflərini özü müəyyənləşdirir və onları reallaşdırmaq istiqamətində qətiyyətli addımlar atır. Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edib.   Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi, yeni enerji layihələrinin işə düşməsi, o cümlədən iqtisadiyyatın digər sahələrində yeni layihələrə start verilməsi məhz müstəqil siyasətin və müstəqil dövlətçiliyin bəhrələridir. Xalqımız özünün iqtisadi resurslarının, təbii sərvətlərinin tam sahibidir və bunlardan rifahı naminə səmərəli istifadə edir.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaradıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müasir müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin müəllifliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza fəxarət  bəxş etdi. Bu qələbə bir daha təsdiqlədi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycan vətəndaşları olmağımızla haqlı olaraq fəxr edirik: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq”.

Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi yolunda qətiyyətli addımlar atan İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Çünki Azərbaycan Prezidenti eyni zamanda qlobal səviyyədə də mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli addımlar atır. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Bu gün dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi kimi qəbul edilir.

Diqqət etsək görərik ki, həqiqətən də Azərbaycanın müstəqil xarici siyasətinin uğurları çoxdur. Bu sırada təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik etməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bu uğurlar cənab İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.

Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

İlham Əliyev beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artıb. Prezidentin həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəllikləri Azərbaycana böyük uğurlar qazandırıb. Bütün bunlar isə göstərir ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu İkinci Qarabağ müharibəsinin nəticələri də təsdiqlədi.

Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. Əldə edilmiş uğurlarımız göstərir ki, İlham Əliyev dövlətimizi və xalqımızı bu hədəflərə layiqincə və uğurla çatdırır.

                                                                                                                                                  Ədibə İsmayılova

                                                                                         Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı

                                                                                                       “Xəqani 57” ərazi partiya təşkilatının sədri