03-03-2018
Mart ayının 3-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycan Milli Kitabxanası birgə “Moldova ədəbiyyatı günləri” çərçivəsində yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimat mərasimini və müzakirəsini keçirmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlamış, “Moldova ədəbiyyatı günləri” çərçivəsində keçirilmiş bu tədbirin iki ölkə arasında ədəbi əlaqələrin inkişafında mühüm rol oynayacağını demiş, hər iki ildən bir Bakıda təşkil edilən beynəlxalq kitab sərgi-yarmarkasında ekspozisiya üçün gətirilmiş kitabların Milli Kitabxanaya hədiyyə edilməsinin oxucuların Moldovanın mədəniyyəti, ədəbiyyatı, tarixi, incəsənəti ilə daha yaxından tanış olmasındamühüm vasitə olduğunu vurğulamışdır.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ölkəmizdə “Moldova ədəbiyyatı günləri”nin təşkilinə, əsərin nəşrindəki dəstəyə görə, müəllifə isə bu cür ciddi fəlsəfi, aktual mövzulu romana görə təşəkkürünü bildirmişdir.
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov “Moldova ədəbiyyatı günləri” çərçivəsində Milli Kitabxanada keçirilən bu son tədbiri yüksək qiymətləndirmiş, Azərbaycan ədəbiyyatının Moldova oxucuları arasında təbliğində Moldova Yazıçılar Birliyinin, məşhur ədiblərimizdən Elçin, Anar, Çingiz Abdullayevin əsərlərinin rumın dilinə tərcümə olunduğunu, gələcəkdə bu cür tərcümə əsərlərinin sayının artacağını qeyd etmişdir. O, bu əsəri orijinal məzmunlu fəlsəfi roman adlandırmış, müəllifin yaradıcılığı haqqında və hansı səbəbdən tərcümə üçün məhz bu əsərin seçilməsindən danışmışdır.
Tədbirdə həmçinin ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov da iştirak etmişdir.
AYB-nin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid bu cür ədəbiyyat günlərinin keçirilməsinin müxtəlif xalqların ədəbiyyatları ilə tanışlıqda mühüm rol oynadığını, ədəbi əlaqələrin xalqları daha tez yaxınlaşdırdığını demişdir.
Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu son illərdə Moldova ədəbiyyatında inkişafın, dəyişikliklərin baş verdiyini, yeni istedadlı yazarların meydana gəldiyini qeyd edərək, müəllifin əsərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsindəki dəstəyə və ədəbi əməkdaşlığa görə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə xüsusi minnətdarlığını bildirmişdir.
Moldovanın Azərbaycandakı səfiri George Leuka Azərbaycan ilə ədəbi, mədəni əlaqələrin qurulmasında və inkişafındakı xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə, Moldova Azərbaycanlıları Konqresinə, Azərbaycanın Moldovadakı Səfirliyinə minnətdarlığını bildirmiş, bu cür əlaqələrin ölkələr arasında tarixən olduğunu və gələcəkdə də uğurla davam etdirilməsini arzulamışdır. Cənab Səfir bu tədbirdə həmçinin məşhur şair Leo Butnaru və şair, yazıçı Nikolay Spetarunun iştirak etdiyini qeyd etmiş, tezliklə Azərbaycan ədəbiyyatı antologiyasının rumın, Moldova ədəbiyyatı antologiyasının isə Azərbaycan dilinə tərcümə ediləcəyini söyləmişdir.
Daha sonra əsərin müzakirəsinə başlanılmış, romanın tərcüməçisi Azad Yaşar, redaktoru Seyfəddin Hüseynli çıxış edərək əsərin məzmunu, quruluşu, stilistikası haqqında məlumat vermiş, gənc yazarlar Sərdar Amin, Rəfiqə Nazimqızı, Günel Xəzər və başqaları əsər barədə danışaraq müəllifə bir neçə sual ünvanlamışlar. Sonda kitabın imzalanma mərasimi keçirilmiş, qonaqlar Milli Kitabxananın fondunda olan Azərbaycan, rus və rumın dillərində olan 150-dən çox kitabdan ibarət geniş sərgi ilə tanış olmuşlar. Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov rumın dilində kitabxanada bu qədər çoxlu sayda yeni ədəbiyyatın olduğunu təsəvvür etmədiyini, bunun isə iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığın səmərəli inkişafından xəbər verdiyini vurğulamışdır.